Accessibility links


Amerikada hökumətin izləmə proqramı ilə bağlı müzakirələrin getdiyi bir vaxt ingilis yazıçısı Corc Oruellin dövlət tərəfindən sanksiyalaşdırılmış repressiyalar haqda romanı yenidən populyarlıq qazanmağa başlayıb.

Yazıçının təsvir etdiyi daimi müharibə, hər yerdə izləmə və kütlələrin şüuruna nəzarətin mövcud olduğu 1984-cü ildən bəhs edən kitabının satışları ABŞ-ın Milli Təhlükəsizlik Agentiyinin gizli şəkildə milyonlarla insanın telefon danışıqlarını dinlədiyi və xaricilərin internet mesajlarını izlədiyinə dair məlumatların ictimaiyyətə sızmasından sonra bir neçə dəfə artıb.

1949-cu ildə nəşr edilmiş kitab Amazon şirkətinin bestseller siyahısında 7397-ci yerdən 125-ci yerə qalxıb.

Amerikada tələbələrə tövsiyə edilən başlıca bədii əsərlərdən biri olan “1984” romanı İkinci Dünya müharibəsindən sonra sovet totalitarizmi təhlükəsinin özünü göstərməyə başladığı dövrdə yazılmışdır.

Pensilvaniyada Villanova universitetinin professoru, siyasi elmlər üzrə mütəxəssis Tomas Smit Amerikanın Səsinə deyib ki, romanla hazırda hökumətin izləmə proqramı arasında analogiya aparmaq düzgün deyil. “Oruellin romanında rejim qanunlara tabe bir rejim deyil. Bu, öz vətəndaşlarına qarşı güc tətbiq edən ixtiyari bir rejimdir. Bizim hökumətimiz bunu etmir. Romanda təsvir edilən nəzarətin səviyyəsi Milli Təhlükəsizlik Agentliyinin izləmə nəticəsində əldə etdiyi məlumatların həcmi ilə müqayisə edilə bilməz”-deyə professor Tomas Smit Amerikanın Səsinə bildirib.

Çikaqoda DePaul universitetində ingilis dili professoru Kreq Sörls isə daha bir fərqi izah edir. O, Amerikanın Səsinə müsahibədə deyib ki, romanda sözün mənasının təhrif edildiyi bir dil təsvir edilir və burada “quldarlıq”, əslində “azadlıq”, “insanların şüuruna nəzarət” mənasında işlədilir, özü də bu açıq-aşkar edilir. Professor əlavə edib ki, Milli Təhlükəsizlik Agentliyinin proqramının dillə heç bir əlaqəsi yoxdur və proqram gizli xarakter daşıyır.

Mütəxəssislər deyir ki, Corc Oruellin təsvir ediyi 1984-ü il və ABŞ-da mövcud 2013-cü ilin reallığı arasında fərq nədən ibarət olursa-olsun, bu, amerikalılara hökumətin anti-terror məqsədilə aparılan izləmə proqramının 2001-ci il terror hücumlarından sonra çox uzağa gedib-getmədiyini müəyyən etmək imkanı verir.
XS
SM
MD
LG