Accessibility links

Coşqun Eldaroğlu: “Adamlar var ki, mentaliteti qucaqlayıb oturub” [Audio]


Coşqun Eldaroğlu, jurnalist, ictimai tənqidçi

Coşqun Eldaroğlu, jurnalist, ictimai tənqidçi

Jurnalist və ictimai tənqidçi Coşqun Eldaroğlu Amerikanın Səsinə danışır

“Azərbaycanda adamlar var ki, mentaliteti qucaqlayıb oturub. Möhkəm-möhkəm qucaqlayıb. Deyirsən ki, niyə belədir, deyir dədə-baba qaydasıdır. Kimdi bu dədə-baba? Böyük ehtimalla 5-6 saqqallı kişi yığışıb deyiblər ki, belə yaşamaq lazımdır. Yaşam qaydalarını müəyyənləşdiriblər. Üstündən 500-1000 il keçib. İndi gəlib bizə deyirlər ki, bu cür yaşamaq lazımdır.” Bu sözləri Amerikanın Səsinə müsahibəsində jurnalist və ictimai tənqidçi Coşğun Eldaroğlu deyib.

Sosial şəbəkələrdə sərt tənqidləri ilə tanınan yazar mentalitet, vicdanlı cəmiyyət və hakim dairənin ictimai şüura təsirindən danışıb. Çoşqun Eldaroğlu deyir ki, o sadəcə insanların düşündüklərini müəyyən bir publisistik çərçivədə yazır. Jurnalist hesab edir ki, cəmiyyətdə müsbətə doğru bütün dəyişikliklər tənqidlə olur, təriflə dəyişiklik ola bilməz.

“Mövhumatı, qanunsuzluğu, saxtakarlığı tənqid edirəm. Ümumiləşmiş desək, nə əyri-əskik görürəmsə, onu mütəmadi yazmağa çalışıram. Bəzən xeyli irad tuturlar ki, pozitiv şeylər yazmırsan. Bir dəfə bu barədə də yazmışam, nəyi tərifləyim? Cəmiyyətin təməl prinsipləri birmənalı şəkildə pozulur. Böyük əksəriyyət bəşəri dəyərlərə biganədir. Ölkədə hökumət də, insanlar da biganədir. İnsanlar ən kiçik məsələlərdə vicdanlı olmaq istəmirlər,” Coşqun Eldaroğlu bildirir.

Ümumiyyətlə, vətənim, Azərbaycanım deyən adamlar çox təhlükəli adamlardır. Mən bu adamlardan çox qorxuram. Təbii ki psevdovətənpərvərlərdir... Nəyi tənqid edirsənsə, səni vətən xaini çıxarırlar.

Azərbaycanlıların mental qaydalara çox bağlı olduğunu dilə gətirən yazar insanlarda vətəndaş mövqeyinin kasadlığından gileylənir. O deyir ki, insanlar ölkə adına hər şeyə biganədirlər, vətənlə bağlı mövqeləri saxtadır: “Məsələn, belə bir ifadə var: Səfərbərlik olsun, gedib Qarabağı alaq. Elə bunu deyən adamların içərisində xeyli adam var ki, hərbi xidmətdən yayınmağa çalışır. Ümumiyyətlə, vətənim, Azərbaycanım deyən adamlar çox təhlükəli adamlardır. Mən bu adamlardan çox qorxuram. Təbii ki psevdovətənpərvərlərdir. Çünki onların bütün məsələlərə o faktorlardan yanaşırlar. Nəyi tənqid edirsənsə, səni vətən xaini çıxarırlar.”

Facebook statuslarından birində “Azərbaycanlılar rüşvətin qarşısını alan istənilən prezidenti devirər”, deyilir. Coşğun Eldaroğlu cəmiyyətin formalaşmasında hakim dairənin nə qədər təsirinin olmasına aydınlıq gətirir.

“Mən hakimiyyətin məsuliyyətini inkar etmirəm. Yəni hakimiyyətin məsuliyyəti çox böyükdür: Hadisələrin bu yerə gəlməsi, cəmiyyətin bu qədər çirkaba bulaşması. Ölkədə iqtisadiyyat, mədəniyyət, təhsil adına demək olar ki, heç nə yoxdur. Hansı sahəyə baxırsan, görürsən hər şey sünidir. Mən yazılarımda hər iki faktoru deyirəm: həm hakimiyyətin, həm də insanların məsuliyyətini. Amma insanların özünün də vətəndaş mövqeyi olmalıdır. Bir dəfə yazmışam. Tutaq ki, adi Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri gəlir, bütün qonşular çalışırlar ki, onun qabağında əyilsinlər, ona xüsusi istilik göstərsinlər. Halbuki həmin məmurun məsuliyyəti daha böyükdür”, jurnalist Amerikanın Səsinə müsahibəsində bildirir.

Öz tənqidçilərindən də danışan Çoşqun Eldaroğlu ən böyük tənqidçisinin evdə xanımı olduğunu söyləyir. Amma o, öz tənqidçilərinə də tolerant yanaşdığını və tənqidi yazılarını davam etdirəcəyini deyir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG