Accessibility links

Cəsur Sümərinli: Azərbaycan Ordusunun yuxarı idarəetməsində NATO standartlarına uyğun kadrlar yox dərəcəsindədir


Cəsur Sümərinli: Azərbaycan Ordusunun yuxarı idarəetməsində NATO standartlarına uyğun kadrlar yox dərəcəsindədir

Cəsur Sümərinli: Azərbaycan Ordusunun yuxarı idarəetməsində NATO standartlarına uyğun kadrlar yox dərəcəsindədir

Ordudakı insidentlərin əsas səbəblərindən biri sosial təminat məsələlərinin zəif olmasıdır. Son günlər baş vermiş cinayət nəticəsində 7 əsgərin vəfat etməsinin səbəbləri, hərbi islahatların vəziyyəti, NATO, Türkiyə və Amerika ilə hərbi əməkdaşlıq məsələləri barədə ekspert Cəsur Sümərinlinin fikirləri

Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan Silahlı Qüvvələrində son günlər baş vermiş cinayət nəticəsində 7 əsgərin vəfat etməsi, hərbi islahatlar, NATO, Türkiyə və Amerika ilə hərbi əməkdaşlıq məsələlərinə toxunub.

Sual: Azərbaycan Silahlı Qüvvələrinin 7 əsgəri cinayət nəticəsində əsgər yoldaşı tərəfindən gullələnib. Orduda son insidentlərin baş verməsinin səbəbləri nədir?

Cavab: Belə insidentlərin çox ciddi səbəbləri var. Son illər apardığımız monitorinqlər, bu hadisələrə səbəb olan amillər silsiləsini aşkarlayıb. İnsidentlərin əsas səbəblərindən biri orduda sosial təminat məsələlərinin zəif olmasıdır. Azərbaycan müdafiə xərclərinin kəskin artmasına və 2011-ci ildə bu xərclərin 3,5 milyard dollara yaxın təşkil etməsinə baxmayaraq Silahlı Qüvvələrin zabiti 350-450 manat aylıq əmək haqqı alır. Bu isə Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması prosesindən çox-çox uzaqdır.

İnsidentlərin mühüm səbəblərindən biri də qanunlara və nizamnamə qaydalarına əməl edilməməsidir. Hərbi qulluqçular arasında tabeçilik sahəsində çox ciddi problemlər mövcuddur. Hərbi qulluqçuların rotasiyası da ləng həyata keçirilir. Elə zabit var ki, on ildən çoxdur eyni hərbi hissədə qulluq edir.

Sual: Azərbaycan NATO qarşısında hərbi islahatlarla bağlı öhdəliklər götürüb. İslahatların həyata keçirilməsi nə yerdədir?

Cavab: 2005-ci ilin mayında Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa Dair Əməliyyat Planı (İPAP) imzalandıqdan sonra ordu islahatlarının start verilib.

İslahatlar ordunun quruculuq strategiyası, güc strukturlarında baş verən proseslər və hərbi qulluqçuların xidmət şəraiti, orduda insan haqlarının qorunması, müdafiə xərclərinin şəffaflığı, parlament və ictimaiyyət qarşısında hesabatlılıq, hərbi çağırışçıların hüquqlarının müdafiəsi və başqa məsələləri əhatə edir. Amma, təəssüf ki, islahatlar prosesi daha aşağı sahələri əhatə edib, ən yuxarı səviyyə korpuslar səviyyəsində olub. İslahat prosesi hələ Müdafiə nazirliyinin yuxarı səviyyələrində effektiv nəticələrə səbəb olmayıb. İslahatlar yuxarı səviyyəyə çatsa idi, müdafiə nazirinin mülki şəxs olması və Baş Qərargahın Müdafiə nazirliyi aparatından ayrılması prosesi baş verərdi. Xüsusilə kadr hazırlığı və sosial müdafiə məsələsində NATO standartlarına keçid prosesi ləngiyir. Azərbaycan Silahlı Qüvvələrinin yuxarı idarəetmə kadrları arasına NATO standartlarına uyğun təhsil almış kadrlar yox dərəcəsindədir.

Sual: Orduda sovetsizləşdirmə prosesi gedirmi?

Cavab: Silahlı Qüvvələrdə müəyyən sahələrdə yeniləşmə, sovetsizləşmə meylləri hiss edilir. 1997-ci ildə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə sovetsizləşdirmə prosesinə start verilib. Kadrların hazırlanmasında, sıra, hərbi yeriş, düzülüş qaydalarında NATO standartlarına keçid başladı. 2002-ci ildən başlayaraq türkiyəli təlimatçıların köməyi ilə Azərbaycan hərbi məktəblərində NATO təhsil standartlarına uyğun hazırlanmış hərbiçilər Silahlı Qüvvələrdə çalışmağa başlayıb. Amma, bu proses sonradan ləngidi və müəyyən problemlər ortaya çıxdı. Həmin zabitlərin əməyindən effektiv istifadə olunmadı.

Sual: Azərbaycanın Türkiyə ilə strateji əməkdaşlıqla bağlı müqaviləsi var. Eyni zamanda, bu sahədə NATO və Amerika ilə əməkdaşlıq edilir. Türkiyə, Amerika və digər NATO ölkələrinin hərbi məktəbləri Azərbaycan Silahlı Qüvvələrinin kadr hazırlığında iştirak edirmi?

Cavab: Azərbaycanın hərbi strategiyası bu istiqamətdə hələlik qeyri dəqiqdir və xarici siyasətin konturları da tam müəyyən edilməyib. NATO, Amerika və Türkiyə tərəfindən bununla bağlı təkliflər var. Xüsusilə, ötən ilin avqustunda Azərbaycanla Türkiyə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bu istiqamətdə geniş perspektivlər açır. Azərbaycan Türkiyənin dəstəyindən maksimum səviyyədə olmasa da istifadə edir. NATO və Amerikanın dəstəyindən hələ ki istifadə edilmir. Azərbaycanın bu sahədə fəaliyyətinə müəyyən dövlətlər tərəfindən təzyiqlər hiss edilir.

XS
SM
MD
LG