Accessibility links

Bu gün yerli vaxtla saat 18:00 radələrində müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata Bakının Milli parkında ictimai gəzinti təşkil etməyə cəhd edib. Gəzintidən öncə polis qüvvələri və mülki geyimli şəxslər Milli parka gedən yollar və metro stansiyalarının çıxışlarını nəzarətə götürüb. Ictimai Palatanın tərəfdarı və fəalı hesab edilən bütün şəxslər polis tərəfindən saxlanılıb. İndiyə qədər onlarla müxalifətçi polis maşınlarında naməlum istiqamətlərə aparılıb. Çoxsaylı polis qüvvələri və mülki geyimli şəxslərin nəzarətinə baxmayaraq, müxalifətçilər iki-bir, üç-bir olsa da, “Azadlıq”, “İstefa”, “Siyasi məhbuslara azadlıq” şüarlarını səsləndirə bilib. Polis və mülki geyimli şəxslər insanları saxlayarkən sərt davranış nümayiş etdirib. Müxalifətçi qüvvələr də onlara “vaxt gələcək qanunu pozduğunuza görə cavab verəcəksiniz” – deyə sərt cavablar verib. Polislə nümayişçilər arasında yaranan qarşıdurmanı “Eurovision” çərçivəsində Bakıda akkreditə olunmuş xarici jurnalistlər və beynəlxalq hüquq müdafiəsi təşkilatlarının nümayəndələri müşahidə edib. Hazırda Milli parka gedən yollar polis nəzarətində qalmaqdadır.

XS
SM
MD
LG