Accessibility links

İctimai Palata söz azadlığı ilə bağlı dinləmə keçirib


İctimai Palata söz azadlığı ilə bağlı dinləmə keçirib

İctimai Palata söz azadlığı ilə bağlı dinləmə keçirib

Ekspert bildirib ki, çap məhsullarının yayımı sistemi tamamilə dağıdılıb, KİV-in reklam bazarı yoxdur.

İctimai Palata Azərbaycanda söz azadlığı ilə bağlı dinləmələr keçirib. “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsi xüsusi diqqət mərkəzində olub. Ölkədə söz azadlığının durumuna dair əsas məruzəçi Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, jurnalistin həbsin səbəbi prezident İlham Əliyevin “əl-Cəzirə” telekanalına müsahibəsinə qəzetin verdiyi şərhdir. Ə.Zeynallı dövlət başçısının cavablarını yazıda kəskin tənqidə məruz qoyub.

Cənab Əliyevin fikrincə, uzun müddət qəzetlə məhkəmə çəkişməsində olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Əvəz Zeynallının həbsində maraqlı tərəf olub. “Görünür, Ə.Zeynallının məqaləsini İlham Əliyevə istədikləri şəkildə təqdim ediblər ki, bu da həlledici rol oynayıb”-deyə M.Əliyev qeyd edib.

Əvəz Zeynallının həbsi Azərbaycanda KİV azadlığının boğulması siyasətinin davam etməsinin göstəricisidir. O, həmçinin Redaktorlar Birliyinin redaktorun azad olunması və deputat Gülər Əhmədovaya qarşı dələduzluq etməsi ilə bağlı ittihamın götürülməsi üçün tədbirləri davam etdirəcəyini söyləyib.

Mehman Əliyev KİV sahəsində ümumi durumdan danışarkən qeyd edib ki, bu sahədə yaranan böhran hakimiyyətin müstəqil medianı məhv etməyə yönəlmiş uzun illərdir davam edən məqsədyönlü siyasəti nəticəsində əmələ gəlib. “Bu məqsədlə iqtisadi, məhkəmə sanksiyalarından, fiziki və psixoloji təzyiqlərdən istifadə edilir. Ölkədə çap məhsullarının yayımı sistemi tamamilə dağıdılıb, KİV-in reklam bazarı yoxdur, oxucu və teleradio auditoriyası müxtəlif siyasi spektrli informasiya almaq imkanlarından məhrumdur. Medianın əksəriyyəti hökumətin sərt nəzarəti altındadır, daxili və xarici siyasətə münasibətdə auditoriyaya ardıcıl olaraq dezinformasiya yaymaqla məşğuldur”.

Tədqiqatçı-jurnalist Şahvələd Çobvanoğlu əyani misallar gətirərək İctimai Palatanı çap yayım sistemindəki böhranla tanış edib. Natiq Azərbaycan oxucu auditoriyasının qəzet köşkləri təmin olunması baxımından beynəlxalq normalardan 7 dəfə geri qaldığını nəzərə çatdırıb. Hakimiyyət son zamanlara kimi köşkləri küçələrdən yığışdırmaqda davam edir ki, bu da bir sıra redaktorların dövlət başçısına bu təcrübəyə son qoyulması məzmunlu müraciətinə səbəb olub.

Müsavat və Xalq Cəbhəsi partiyalarının sədrləri İsa Qəmbər və Əli Kərimli hakimiyyətin söz azadlığını boğması siyasətini pisləyib. İsa Qəmbər “Xural” qəzetinin redaktorunun həbsdən azad olunması ilə bağlı İctimai Palatanın hələ iki gün öncə bəyanatla çıxış etməsini bildirib. Cənab Kərimli beynəlxalq təşkilatların da iştirakı ilə Bakıda KİV-in iqtisadi problemlərinə dair forum keçirməyi təklif edib.

Rəsmi hakimiyyət ölkədə söz azadlığının tam təmin edildiyini bildirir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov minlərlə qəzetin çap olunduğu ölkədə media azadlığının olmadığını deməyin düzgün olmadığını bildirib. Eyni zamanda, prezident İlham Əliyev əhalinin yarıdan çoxunun internetə çıxışının olduğunu, internet üzərində hər hansı nəzarətin olmadığını bəyan edib.

XS
SM
MD
LG