Accessibility links

Cumhuriyet qəzetinin rəhbəri həbs edilib


Cümə günü Türkiyə höküməti müxalif Cumhuriyet qəzetinin idarə heyətinin sədrini həbs edib. Bundan əlavə ötən həftə qəzetin doqquz əməkdaşı həbs edilib.

Polis Akın Atalayı Almaniyadan dönərkən İstanbul hava limanında saxlayıb, deyə prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edən Cumhuriyet qəzetində bildirilir.

Cumhuriyetin verdiyi məlumata görə, Atalay bir müddət hava limanında saxlanıldıqdan sonra polis maşınına mindirilərək İstanbul Əmniyyət Müdriiyyətinə aparılıb. Onun “terror fəaliyyəti” ilə bağlı istintaqla əlaqəli olaraq saxlanıldığı deyilir.

Qəzetin hazırkı baş redaktoru Murad Sabuncu daxil olmaqla, doqquz əməkdaşının reydlərdən sonra hələ də həbsdə saxlanılması Türkiyədə media azadlığı ilə bağlı narahatlıqları daha da artırıb.

Dövlət sirlərinin üstünü açmaqda ittiham edilən qəzetin sürgün edilmiş keçmiş baş redaktoru Can Dündar bu il altıillik həbs müddətinə etiraz edərək, Almaniyaya qaçıb.

İyul ayında Ərdoğana qarşı uğursuz çevriliş cəhdindən sonra Türkiyədə 130-dan çox media orqanları bağlanılıb və bu, ölkənin Qərb müttəfiqləri arasında Türkiyədə pisləşən mətbuat azadlığı ilə bağlı narahatlıqların artmasına səbəb olub.

Bu həftənin əvvəli Avropa İttifaqının (Aİ) icra komissiyasının sədri Jan-Klod Yunker Türkiyəyə xəbərdarlıq edib ki, siyasi rəqiblər və mediaya qarşı təqiblər Aİ dəyərlərinə ziddir və ölkənin artıq ittifaqa daxil olmaq istəmədiyi təəssüratı yaradır.

Yunker Ərdoğanı dərhal “Avropa İttifaqına üz olmaq istəyib-istəmədiyini” bildirməyə çağırıb.

Yunkerin şərhləri Cumhuriyet qəzetinin jurnalistlərindən başqa Türkiyənin kürd tərəfdarı partiyasından 10 qanunvericinin terror təşkilatı ilə əlaqəsi olduqları şübhəsi ilə həbs olunduğu bir vaxta təsadüf edir

Sosial media saytları və applikasiyalarına da giriş məhdudlaşdırılıb. Bu isə belə görünür, hökümətin etiraz aksiyalarının təşkilinin qarşısını almaq məqsədi daşıyır.

Türkiyədə 15 iyulda baş tutan çevriliş cəhdindən bəri əsgər, hakim, müəllim və jurnalistlər daxil olmaqla, 110 mindən çox rəsmi vəzifəsindən uzaqlaşdırılıb, 35 mindən çox insan isə həbs edilib. Rəsmi Ankara çevriliş cəhdinə görə ABŞ-da yaşayan din xadimi Fəthullah Güləni günahlandırır.

Ərdoğanın tənqidçiləri isə höküməti bütün müxalif səsləri boğmaq üçün çevrilişdən bir alət olaraq istifadə etməkdə ittiham edir.

XS
SM
MD
LG