Accessibility links

Hüquq müdafiəçiləri Dadonun həbsindən narahatdırlar [Video]


Reper Səid Əliyev (Dado)
Reper Səid Əliyev (Dado)

Səid Əliyev Yol Patrul Xidmətini tənqid edən rep oxuduqdan sonra tabesizlik göstərmək ittihamı ilə 10 sutka həbs edilib




Media Hüququ İnstitutu (MHİ) və “Demokratiya naminə incəsənət” (“Art for democracy”) kampaniyası yol polisi ilə bağlı mahnısı internetdə yayıldıqdan sonra tanınmış repçi Səid Əliyevin həbs edilməsindən ciddi narahatdır.
MHİ-nin bəyanatında belə hadisələrin ölkə qanunvericiliyi ilə təsbit olunan ifadə, yaradıcılıq azadlığına ciddi xələl gətirdiyi vurğulanır.

Repçi Səid Əliyev fevralın 27-də, yol polisi ilə bağlı oxuduğu rep internetdə yayıldıqdan sonra Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Yol qəza hadisəsinə görə idarəyə dəvət olunan repçini hakimiyyət nümayəndəsinə tabesizlik göstərdiyinə görə 10 sutkalıq azadlıqdan məhrum ediblər. Reper Binəqədi təcridxanasında saxlanılır. S.Əliyevə polis idarəsində təzyiq edildiyi bildirilir. Alçaldıcı hərəkətlərə, təhqirə məruz qaldığı deyilən reperdən “Dado YPX” (www.youtube.com/watch?feature=player_embedded&v=-Lxi8zBpc9U) adlı rep parçasını internetdən silmək tələb olunur.

MHİ-nin bəyanatında ölkə Konstitusiyasının 51-ci maddəsində ifadə olunduğu kimi, bütün vətəndaşlara azad yaradıcılıq imkanı tanınmalıdır.

“Hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir”.

Hökumət bu kontekstdə baş verən bütün hadisələri xüsusilə diqqətdə saxlamalı, mübahisələrin ədalətli araşdırılmasını, ictimaiyyətin operativ şəkildə doğru məlumatlandırılmasını təmin etməlidir.

Media Hüququ İnstitutu və “Demokratiya naminə incəsənət” (“Art for democracy”) kampaniyası əlaqəli qurumları Dado ləqəbi ilə tanınan Səid Əliyevin həbsi ilə bağlı ictimaiyyətə detallı doğru məlumat verməyə, hadisənin ədalətli araşdırılmasını təmin etməyə çağırır.

Xatırladaq ki, Dadonun youtube.com saytında yerləşdirilən repinə həbsdən əvvəl 11 min baxış var idisə, hazırda bu rəqəm 42.500-ə yaxındır.
XS
SM
MD
LG