Accessibility links

Daha üç jurnalist aclıq aksiyasına qoşulub


Daha üç jurnalist aclıq aksiyasına qoşulub

Daha üç jurnalist aclıq aksiyasına qoşulub

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevin işi üzrə qərarına Azərbaycan Ali Məhkəməsinin plenumunda baxılacağını bildirib

Həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Avropa Məhkəməsinin onun dərhal həbsdən azad edilməsi barədə qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməməsinə etiraz olaraq dünəndən müddətsiz aclığa başlayıb.

Bu gün jurnalistə dəstək məqsədi ilə daha 3 jurnalist aclıq aksiyasına qoşulub. Bunlar “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu, “Azadlıq” qəzetinin köşə yazarı Qan Turalı və “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənovdur.

Cənab Çobanoğlu “Amerikanın səsi” radiosuna aclıq edənlərin sayının artacağını deyib. “Çoxlu sayda jurnalist, ictimai və siyasi xadim aclıq aksiyasını dəstəkləyir”.

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Turan Agentliyinə bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin Eynulla Fətullayevin işi üzrə qərarına Azərbaycan Ali Məhkəməsinin plenumunda baxılacaq.

Öz növbəsində, Ali Məhkəmədən Turana növbəti plenumun ən tezi bir ay sonra keçiriləcəyini bildiriblər. Eynulla Fətullayev 2007-ci il aprelin 20-də 2 il 6 ay, həmin il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist təhqir, terrorçuluqla hədələmə, milli nifrət və düşmənçiliyin salınması və vergidən yayınmaqda günahlandırılır.

Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq onun dərhal azadlığa buraxılması və jurnalistə 27 min 822 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Azərbaycan hökuməti qərardan Böyük Palataya şikayət verib və oktyabrın 4-də şikayət qəbul edilməyib. Beləliklə, Avropa İnsan Haqları Məhkəməsinin qərarı qüvvəsində qalıb.
2009-cu ilin dekabrında saxlandığı cəzaçəkmə müəssisəsində jurnalistin üzərindən narkotik maddə tapılıb. 2010-cu ilin iyulunda Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bu işə hazırda apellyasiya instansiyasında baxılır. Eynulla Fətullayev, eyni ilə də yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları əsassız sayır. Hüquq müdafiəçiləri narkotiklə bağlı son ittihamın jurnalistin Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə həbsdən azad edilməsinə mane olmaq məqsədi ilə qurulduğunu iddia edir.

Hazırda aclıq aksiyası ilə yanaşı baş redaktorun həbsdən azad edilməsi ilə bağlı imza toplama kampaniyası keçirilir. Eyni zamanda bir qrup gənc fəal İnternetdə cənab Fətullayevin həbsdən azad edilməsi tələbi ilə səsvermə təşkil edib.

Jurnalistin və həbsdə olan blogerlər Emin Milli və Adnan Hacızadənin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi də davam edir.

Çexiyanın keçmiş prezidenti Vatslav Qavel Eynulla Fətullayev və blogerlər Adnan Hacızadə və Emin Milliyə öz “Olqaya məktublar” və “Bağda şənlik” kitablarını hədiyyə göndərib. Cənab Qavel kitabların üstünü şəxsən yazıb.
Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar”ın dünyada mətbuat azadlığının reytinqi ilə bağlı hesabatında isə deyilir ki, bu il Azərbaycan ötən illə müqaisədə 6 bənd aşağı düşərək 152-ci yeri tutub. Buna səbəb jurnalistlərin təqib olunması, onların hüquqlarının pozulmasıdır. Hakimiyyətin Eynulla Fətullayevin dərhal azadlığa buraxılması barədə Avropa məhkəməsinin qərarını yerinə yetirməkdən imtina etməsi və blogerlər Adnan Hacızadə və Emin Millinin azad olunması barədə tələblərə məhəl qoymaması da hesabatda əksini tapıb.

XS
SM
MD
LG