Accessibility links

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret mövzular ətrafında müzakirələr aparılır” [Video]


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret mövzular ətrafında müzakirələr aparılır”
please wait

No media source currently available

0:00 0:02:27 0:00

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret mövzular ətrafında müzakirələr aparılır”

İyulun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Görüşdə iki ölkə arasında əməkdaşlıq və əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub.

Rusiya xarici işlər naziri iyulun 11-də Azərbaycana səfərə gəlib və ilk olaraq prezident İlham Əliyevlə görüşüb.

“İyulun 11-də prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub".

Bu barədə iki ölkənin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında nazir Məmmədyarov deyib.

Məmmədyarovun bildirdiyinə görə, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır.

"Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edir. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya xarici işlər nazirləri toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıb. Hər üç ölkə "Şimal-Cənub" dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdir. Bu, geniş potensiala malik dəhlizdir", o qeyd edib.

Nazirlər Azərbaycan və Rusiya əlaqələrinin inkişafında humanitar ölçülərin xüsusi əhəmiyyətini qeyd edib.

Mətbuat konfransında bu xüsusda Azərbaycan-Rusiya humanitar forumu, Bakı humanitar forumu, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair birgə layihələr, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması və Azərbaycan Dövlət İqtisad Universitetinin Dağıstanda filialının açılması qeyd edilib.

Məmmədyarov deyib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə mövzularından biri olub.

“Azərbaycan bunu alqışlayır. Xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir. Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparıb.

“ Müzakirələr faydalı keçdi. Əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hazırki müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır".

Cənab Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrdə inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.

"Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin xarici işlər nazirləri bu səylərə dəstək verəcək. Həmçinin "Şimal-Cənub” dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq".

S.Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu deyib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı iyulun 13-də Astanada xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Nazir Xəzərin hüququ statusu ilə bağlı konvensiyanın tezliklə imzalanacağına ümid edir.

Lavrov Rusiya-Türkiyə münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinə təsiri ilə bağlı sualın cavabında deyib ki, Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir.

“Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması regionda ümumi duruma müsbət təsir göstərəcək və Suriya probleminin həllində Moskva və Ankara arasında əməkdaşlığa xidmət edəcək. Türkiyə prezidentinin Rusiya prezidentinə məktubundan və onların telefon söhbətindən sonra dialoq iyulun əvvəlində Soçidə xarici işlər nazirlərinin görüşündə davam edib”.

Lavrovun sözlərinə görə, “bütün bunlar regionda ümumi duruma müsbət təsir göstərəcək.

“Ümid edirəm ki, Suriya böhranının aradan qaldırılması üçün birgə yanaşmaların daha effektiv axtarışına yardım edəcək”, nazir vurğulayıb.

Lavrov qeyd edib ki, onun Soçidə Çavuşoğlu ilə “açıq söhbəti” ümid etməyə imkan verir ki, türkiyəli tərəfdaşları ilə aralarında problem çox olmayacaq.

Onun fikrincə, bundan sonra Moskva və Ankara “BMT TŞ-nin və Suriyaya beynəlxalq dəstək qrupunun qərarlarının yerinə yetirilməsi üçün daha açıq razılaşmaya gəlməyə çalışacaq."

Rusiya-Türkiyə münasibətlərinin Rusiya və Bakı arasındakı əlaqələrə təsirinə gəlincə, Lavrovun sözlərinə görə, bunlar “hər hansı konyunkturadan asılı deyil və Azərbaycan rəhbərliyi də ardıcıl olaraq belə yanaşma həyata keçirir”.

“Heç zaman hansısa bir məqam Moskva və Bakı arasında mövcud strateji xarakterli münasibətlərə təsir göstərməyib. Sözsüz ki, regionda problem nə qədər az olarsa, bu, həm Rusiya, həm də Azərbaycan üçün bir o qədər yaxşıdır”, o vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların detalları ilə bağlı sualın cavabında cənab Məmmədyarov deyib ki, prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb.

“Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllini tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik”.

Nazir bildirib ki, Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb.

“Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”, Azərbaycan xarici işlər naziri deyib.

Sergey Lavrov isə bildirib ki, məlum səbəblərə görə danışıqların mövzuları geniş ictimai müzakirələrə çıxarılmır.

"Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın. Əsas var, ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq", o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG