Accessibility links

Elmar Məmmədyarov: Ermənistan razılıq versə struktur danışıqlarına başlaya bilərik [Video]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlana prosesində yenilik barədə danışıb.

Bu gün Elmar Məmmədyarov Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə keçirdiyi mətbuat konfransında Amerikanın Səsinin sualının cavabında bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “strukturlaşdırılmış” danışıqların aparılmasına razılıq verib.

Nazir Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonunda Parisdə keçiriləcək görüşündən rəsmi Bakının gözləntilərini açıqlayarkən deyib ki, Azərbaycan hər bir görüşün nəticə ilə bitməsini istəyir.

"Prezidentlər əvvəl Soçi, sonra Uelsdə görüşüblər, bu ayın sonunda isə Parisdə görüş olacaq. Biz münaqişənin irəliləməsini istəyirik. Madrid planı mövcuddur və Azərbaycan Böyük sülh sazişi üzərində işin başlanmasını istəyir".

O, qeyd edib ki, belə fikir var idi ki, vaxt itirməmək üçün müxtəlif məsələləri əhatə edən struktur bölmələri üzrə danışıqları aparılsın.

“Həmsədrlərin belə təklifi var idi ki, məsələn nəqliyyat, qoşunların çıxarılması, məcburi köçkünlərin geri qayıtması və sair cürbəcür struktur bölmələri üzrə sülh sazişi üzərində ekspertlər səviyyəsində işlərə başlaya bilərik. Azərbaycan artıq öz razılığını verib Biz yeni mərhələdə işə başlamağa tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik. Ermənistan razılıq versə Böyük Sülh sazişi üzərində ekspertlər səviyyəsində struktur danışıqlarına başlaya bilərik”.

Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması ilə bağlı nazir Məmmədyarov bildirib ki, prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılmasını tələb edib.

Nazirin sözlərinə görə, dövlət başçısı vasitəçilərdən Dilqəm Əhmədov və Şahbaz Quliyevin dərhal azad edilmələrini Ermənistandan tələb etmələrini vurğulayıb.

" İki vətəndaşımız öz doğmalarının qəbirlərini ziyarət etməyə, doğulduqları evlərinə gediblər və onlar diversant deyillər . Bu barədə söylənilənlər yanlışdır", deyə o bildirib.

Nazirin sözlərinə görə Beynəlxalq Qızıl Xaç Komitəsi də girovların qaytarılması ilə iş aparır.

XS
SM
MD
LG