Accessibility links

Azərbaycan və Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə edib [Video]


Böyük Britaniya sülhü canlandırmaq üçün kömək edə bilər

Britaniya ilə Azərbaycan arasında ortaq maraq doğuran məsələlər çoxdur, amma bu dəfə danışıqlarda xüsusi diqqət Qarabağ münaqişəsinə yönəldilib. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonla danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

O britaniyalı nazirə Azərbaycanın münaqişəyə dair mövqeyi, Paris görüşü barədə məlumat verib.

"Qarabağ münaqişəsində sülhə nail olmaq istəyiriksə, ilk öncə Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən mütləq çıxarmalıdır".

Elmar Məmmədyarov

E.Məmmədyarov Azərbaycanın mövqeyi barədə danışarkən deyib ki, Qarabağ münaqişəsində sülhə nail olmaq istəyiriksə, ilk öncə Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən mütləq çıxarmalıdır.

“Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması regionda sülhə, inkişafa yol açacaq. Buna görə də ilk növbədə işğal olunmuş ərazilər boşaldılmalıdır. Bizim mövqeyimiz birmənalıdır”.

Devid Lidinqton Azərbaycana səfərdən öncə Ermənistanda olub və münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparıb.

"Bu insan faciəsidir. Anladım ki, bu insanlar 20 ildən artıqdır ki, işğal altında qalmış evlərinə qayıda bilmir, bu faciədir. Belə şəraitdə yaşamaq qəbuledilməzdir. Zorakılıq, ölümlər hər iki tərəfdən olub. Biz buna görə çox məyusuq. Bu münaqişə Avropanın bu hissəsində sabitliyi pozan bir böhrandır, sülhə, sabitliyə əngəldir, faciədir”.

Devid Lidinqton

“Bu böhran 20 ildən çoxdur davam edir. Mən Azərbaycanda münaqişə nəticəsində evlərindən köçkün düşmüş insanlarla görüşdüm, danışdım. Bu insan faciəsidir. Anladım ki, bu insanlar 20 ildən artıqdır ki, işğal altında qalmış evlərinə qayıda bilmir, bu faciədir. Belə şəraitdə yaşamaq qəbuledilməzdir. Zorakılıq, ölümlər hər iki tərəfdən olub. Biz buna görə çox məyusuq.

Bu münaqişə Avropanın bu hissəsində sabitliyi pozan bir böhrandır, sülhə, sabitliyə əngəldir, faciədir”, Britaniya naziri qeyd edib.

O Böyük Britaniyanın ATƏT-in Minsk qrupuna dəstək verməyə hazır olduğunu bəyan edib.

“Prosesi canladırmaq üçün Britaniya nə etməlidir? Biz sülhü canlandırmaq üçün kömək edə, məsləhət verə bilərik. Bunun üçün insanlar təmasda olmalıdır. Çətin kompromislər, çətin suallar yarana bilər. Biz məsləhət verə bilərik”, Lidinqton bildirib.

Bununla yanaşı, Britaniya münaqişənin həlli üçün daha tez çıxış yollarının olmasını görmək istəyir. “Amma təəssüf ki, bu belə deyil. Bununla yanaşı, hamı anlamalıdır ki, münaqişə həll edilməlidir. İş nə qədər tez başlasa bir o qədər yaxşıdır. Burada Böyük Britaniya müəyyən koordinasiya işlər görər, tövsiyələr verə bilər”, nazir qeyd edib.

Elmar Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həllinin Şimali İrlandiya problemi qədər uzanmayacağına əmindir.

“Dağlıq Qarabaş münaqişəsinin həll prinsipləri müəyyənləşdirilib. Fransa prezidenti Fransua Olland Böyük Sülh Sazişi üzərində işləməyin vaxtının çatdığını dedi. Azərbaycan bir daha Böyük Sülh Sazişinin üzərində işləməyə hazır olduğunu bildirir. Amma Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmalıdır, bundan başqa sülh yolu ola bilməz”, o qeyd edib.

Suallara cavabda Lidinqton Xocalı faciəsinə də toxunub.

“Məcburi köçkünlər düşərgəsində elə ailələr var ki, 3 üzvünü itirib. Bu insanlar üçün bir əziyyət və işgəncədir”, o təəssüflə bildirib.

Nazir Ermənistanda Xocalı faciəsindən danışanda ermənilərin əsasən 1915-ci il faciəsindən danışdığını deyib. “Genosidin hüquq mənası var. Genosidin olub-olmamasını hakimlər müəyyən edə bilər, bu hakimlərə aid işdir. Biz başa düşürük ki, 1915-ci ildə insan faciəsi olub. Amma 1-ci dünya müharibəsində çoxlu insanlar ölüb. Bu təbiidir”, Lidinqton bildirib.

O həmçinin suallara cavabda deyib ki, Ermənistanın Avropa İttıfaqının sazişlərinə yox deməsinə, Avrasiya İqtisadi İttifaqına qoşulmasına çox təəssüf edir.

"Bu Ermənistanın öz qərarıdır. Amma Yerevan sonra başa düşdü ki, Avropa İttifaqının onlara verilmiş vəsaitləri geri qaytarılıb”.

E.Məmmədyarov isə suallara cavabda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş iki azərbaycanlı ilə bağlı məsələnin Paris görüşündə qaldırıldığını diqqətə çatdırıb.

O xatırladıb ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə də qaldırıb. Həmsədrlər isə yerevanda görüşlərdə girovlara dair məsələyə toxunublar və Rusiyadan olan həmsədr söz verib ki, prosesi izləyəcək, onunla məşğul olacaqlar.

Nazir deyib ki, girovların azad olunması vaxt alacaq. “Azərbaycan tərəfi məsələni izləyir və bunu diqqətdə saxlayır. Əminik ki, onlar geri qaytaracaqlar”, Məmmədyarov qeyb edib.

XS
SM
MD
LG