Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda “seçkilər”lə bağlı xəbərdarlıq yayıb


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Dağlıq Qarabağda saxta “parlament seçkiləri”ndə “müşahidəçilər”in iştirakı Azərbaycan qanunlarının pozulması kimi qiymətləndiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə qanunsuz “parlament seçkiləri”nin keçirilməsi Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu qanunsuz seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 27 fevral 2015-ci il tarixində bəyanat verilib.

"Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir.

ATƏT Minsk Qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün etdiyi çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən “seçki” adı altında atılan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır".

Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni “seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 30 aprel tarixli bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır.

"İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu “seçkilərdə” öz-özünü “müşahidəçi” adlandıran bəzi marginal siyasi şəxslərin bu kimi davranışı Azərbaycanın qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcəkdir. Özü-özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir.

Slovakiya vətəndaşı Frantişek Mikloşkonun (Slovakiya parlamentinin keçmiş spikeri-red) halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycanın qanunlarını kobud şəkildə pozan bu kimi özü-özünü “müşahidəçi” elan etmiş şəxslərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyildir.

Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış verilib” - deyə Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı tanınmamış rejim mayın 3-nə “parlament seçkilər”i təyin edib.

XS
SM
MD
LG