Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər nazirinin fikirlərini şərh edib


Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

Rəsmi Ermənistanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər və demokratiya komitəsinin üzvü Robert Uolter tərəfindən hazırlanmış hesabata və komitənin qəbul etdiyi müvafiq qətnaməyə isterik münasibəti bariz şəkildə Ermənistanın xüsusi narahatlığı və təşviş içərisində olmasından xəbər verir. Bu, Ermənistanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir. Bu barədə Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ermənistan və Rusiya xarici işlər nazirlərinin Yerevanda keçirdiyi birgə mətbuat konfransında səslənən fikirlərə dair şərhində deyilir.

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistan prezidenti ilə Qarabağ nizamlanması mövzusunda söhbət edib. Əsasən S.Lavrov deyib ki, münaqişənin dinc yolla nizamlanmasına alternativ yoxdur.

Ermənistan xairici işlər naziri ilə görüşün yekunlarına dair mətbuat konfransında S.Lavrov deyib ki, Moskva bundan sonra da münaqişənin nizamlanması üçün qarşılıqlı məqbul əsasların hazırlanmasına yardım göstərəcək.

“Bu, bizim xarici siyasi prioritetlərimizdən biridir və prezident Vladimir Putinin nəzarətindədir. Rusiya müsbət nəticəyə nail olmaq üçün fəal rolunu davam etdirəcək”, o vurğulayıb.

“Kimin tərəfindən qəbul edilməsindən aslıl olmayaraq istənilən kəskin, radikal hərəkətlər ATƏT-in Minsk Qrupunun işinə zərər vurur”, S.Lavrov britaniyalı deputat Robert Uolterin AŞPA-da Dağlıq Qarabağa dair məruzəsini şərh edərkən deyib.

“Biz -Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ nizamlanmasında ardıcıl, işgüzar, təmkinli dialoqun əvəzinə bu mövzunun nizamlanma ilə məşğul olmayan müxtəlif beynəlxalq arenalara çıxarılmasının qəti şəkildə əleyhinəyik. Beynəlxalq birlik adından heç kim onlara belə tapşırıq verməyib”, Rusiya xarici işlər naziri qeyd edib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk Qrupunun (MQ) fəaliyyət göstərməsi barəsində olan fikri bölüşür.

"Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli 525/95 saylı ATƏT sənədində də həmsədrlərin öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələri (822, 853, 874, 884), BMT Nizamnaməsi və ATƏT-in Budapeşt Sammitinin qərarlarını rəhbər tutmaları və BMT TŞ-nın qətnamələrinin icrası haqqında BMT TŞ-nın Prezidenti və BMT-nin Baş Katibinə hesabat vermələri təsbit olunub”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə öz narazılığını bildirib ki, ATƏT MQ-nin həmsədrləri BMT TŞ tərəfindən ona verilən mandatı hələ ki doğrultmayıb.

“20 ildən artıq dövr ərzində ATƏT-in MQ-i münaqişənin həll edilməsində hər hansı irəliləyişə nail olmayıb, obrazlı şəkildə desək, Ermənistan silahlı qüvvələrinin bir əsgəri belə işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyib və bir qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmayıb. Bunun da əsas səbəbi ATƏT MQ-nin Ermənistanın Azərbaycan ərazilərini davam edən işğalına münasibətdə barışdırıcı mövqeyidir”.

Hacıyev təəssüflə bildirir ki, Ermənistanın dəstəyi ilə ATƏT MQ-nin həmsədrlərinin sülh prosesini inhisara almaq və mövcud status-kovunu olduğu kimi saxlamağa cəhd göstərmələri barəsində hələ də güclü qənaət vardır.

“Azərbaycan beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavüzü, ərazilərinin işğalı, işğal olunmuş ərazilərində törədilmiş dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması haqqında məlumatlandırmağa dair öz təcrübəsini və fəaliyyətini davam etdirir. ATƏT MQ-nin həmsədrləri BMT TŞ-nın qeyd olunan qətnamələrində və həmsədr ölkələrin Prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında təsbit olunduğu kimi sülh danışıqlarında irəliləyişə nail olmaq üçün səylərini artırmalıdırlar. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün malik olduğu bütün vasitələrdən istifadə edəcəkdir”, XİN mətbuat xidmətinin rəhbəri qeyd edir.

Xatırladaq ki, noyabrın 4-də AŞPA Siyasi Məsələlər Komitəsində Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə qəbul edilib.

Noyabrın 6-da ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də “Twitter” profilində Robert Uolterin məruzəsinə münasibət bildirərkən deyib ki, məruzəçi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də məsləhətləşəməli idi.

Azərbaycan Xarici İşlər Nazirliyi amerikaləı həımsədrin firkilərini daha kəskin tənqidlə qarşılayıb.

“ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli istiqamətində hər hansı cüzi irəliləyişə belə nail olunmadığı halda Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur. İndiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfıra bərabərdir. Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür”, mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev noyabrın 6-da Uorlikin dediklərinə belə sərt reaksiya verib.

”Əksinə, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə Ceyms Uorlikin beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsi olan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair sənədlərinin məram və prinsiplərini rəhbər tutmasına və bu qurumlarla məsləhətləşməsinə ehtiyac var. ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud “status-kvo”nu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir. Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil”, H.Hacıyev əlavə edib.

Ermənistan və Rusiya xarici işlər nazirlikləri, həmçinin amerikalı həmsədr Ceyms Uorlik Azərbaycan Xarici İşlər Nzirliyinin şərhlərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG