Accessibility links

Robert Sekuta: Hərtərəfli sülh razılaşmasının əldə olunmasını dəstəkləyirik


Həmsədrlər prezidentlərlə görüşüb və bəyanat veriblər

Həmsədrlər prezidentlərlə görüşüb və bəyanat veriblər

“Biz tərəflər arasında irəliləyişin əldə olunmasını alqışlayırıq, eyni zamanda, təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və razılaşdırılmasını, hərtərəfli sülh razılaşmasının əldə olunmasını dəstəkləyirik”. Bu barədə cəbhəyanı bölgədə səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən gözləntilərlə bağlı sualın cavablında deyib.

Robert Sekuta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin həmin görüşdə iştirak edəcəyini söyləyib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi faktının ABŞ-ın bu prosesdən geri çəkilməsi mənasına gəlib-gəlmədiyi barədə suala səfir belə cavab verib:

“Öncə ondan başlayım ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın sonlarında Amerikaya səfəri zamanı əsas mövzulardan biri məhz Dağlıq Qarabağ münaqişəsi olub. Bundan başqa, Vyanada tərəflər istər Minsk Qrupunun həmsədrlərinin biri kimi ABŞ-ın, istərsə də dövlət katibi Con Kerrinin şəxsi təşəbbüsü və dəstəyi ilə bir araya gəlib”.

APA agentliyi bildirir ki, münaqişənin həlli prosesinin ilk mərhələsində 5 rayonun Azərbaycana qaytarılıb-qaytarılmayacağı mövzusunda suala səfirin cavabı belə olub: “Cənab Ceyms Uorlikin bəyanatları ilə tanış olsanız, görərsiniz ki, ATƏT-in Minsk Qrupu çərçivəsində bütün həmsədrlərin və ayrı-ayrı həmsədr ölkələrin qayəsi bir məqsədə yönəlib. Bu, ondan ibarətdir ki, münaqişə tərəfləri bir araya gətirilsin və hərtərəfli sülh sazişi razılaşdırılsın”.

Öz növbəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcəyini yazıb.

Amerikalı həmsədr Twitter səhifəsindəs qeyd edib ki, prezidentlərin 16 may tarixli Vyana görüşünün nəticələrini davam etdirəcəklərinə ümid edir.

"Mən bu görüşdə iştirakı səbirsizliklə gözləyirəm. Biz xüsusilə ümid edirik ki, tərəflər ATƏT-in araşdırma mexanizminin həyata keçirilməsi üzrə razılaşmanı yekunlaşdıracaq, hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa edəcəklər", o bildirib.

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu da iyunun 20-də Sankt Peterburqda keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə iştirak edəcəyini bildirib.

“Rusiyalı və amerikalı həmsədrlər kimi, mən də bu görüşdə iştirak edəcəm. Bizim bu görüşdən gözləntilərimiz, əlbəttə, böyükdür. Ümid edirik ki, bu sammitdə Azərbaycan və Ermənistan prezidentləri qarşılıqlı etimadı bərpa edəcək və münaqişənin həllində irəliləyişə nail olacaqlar”, fransalı həmsədr qeyd edib.

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan iyunun 20-də Sankt-Peterburqda görüşəcəklər. V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda görüşəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.

XS
SM
MD
LG