Accessibility links

Azərbaycan Rusiya prezidentinin köməkçisinə cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsilə bağlı bəyanatının təəccüb və təəssüf doğurduğunu bildirib.

Ötən gün Uşakov bəyan edib ki, Moskva yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı böyük nikbinlik keçirmir, Yerevan və Bakı ilə işi davam etdirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Uşakovun bu açıqlaması prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhu və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlarla ziddiyyət təşkil edir.

Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır.

Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir.

“Azərbaycanın suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək”, H.Hacıyev bildirib.

XS
SM
MD
LG