Accessibility links

Azərbaycan və Türkiyə Dağlıq Qarabağda keçiriləcək seçkiləri legitim saymır


Azərbaycan xəritəsi

Azərbaycan xəritəsi

Bu seçkilər BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulması deməkdir.

Azərbaycan Xarici işlər Nazirliyi Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 19 iyul 2012-ci il tarixində qondarma “prezident seçkiləri”nin keçirilməsi planlaşdırılması ilə bağlı bəyanatla çıxış edib.
Sənəddə deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bir daha təkrar edir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmək və yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmaqla işğal edilmiş ərazilərdə qanunsuz rejim yaradıb: “Qondarma “seçkilər” Ermənistanın işğal edilmiş ərazilərin anneksiya edilməsi və Azərbaycan ərazilərinin davam edən işğalının nəticələrini təşviq etmək məqsədi güdən siyasətini ört-basdır etmək məqsədilə keçirilir.
Yerli azərbaycanlı əhalinin iştirakı olmadan və Azərbaycanın müvafiq strukturları tərəfindən lazımı icazə verilmədən bu cür addım atılması Azərbaycan Konstitusiyasının müvafiq müddəalarını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.
Legitim seçkilərin keçirilməsi yalnız Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, işğal edilmiş ərazilərdən qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq.
Azərbaycan Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlar əvəzinə öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bütün regionda davamlı sülh, təhlükəsizlik və inkişaf üçün yeni perspektivlər açmağa çağırır”.
Türkiyə Xarici İşlər Nazirliyi erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirəcəyi “prezidenti seçkiləri” ilə bağlı rəsmi açıqlama yayıb. APA agentliyinin xəbərinə görə, açıqlamada deyilir:
“Ermənistan işğalı altında olan Azərbaycanın Yuxarı Qarabağ bölgəsində beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin gözləntilərinə zidd olaraq “prezident seçkisi” keçiriləcəyi bildirilir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilər Yuxarı Qarabağdakı qeyri-hüquqi mövcud durumu birtərəfli şəkildə legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür. Qarabağ ixtilafı Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əngəl olmaqda davam etməkdə və bölgə ölkələri arasında mehriban qonşuluq və əməkdaşlığa şərait yaradacaq iqlimin formalaşmasını əngəlləməkdədir. Problemin həllinə xidmət edən təşəbbüslərin davam etdirilməsi ilə paralel olaraq bölgədə tam və əhatəli normallaşma yönündə cəhdlərini müxtəlif platformalarda davam etdirməyə qərarlı olan Türkiyə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin növbəti dəfə pozulması mənasına gələn bu əməli pisləyir. Türkiyə qeyri-legitim saydığı və heç bir hüquqi qüvvəsi olmayacaq bu “prezident seçkisi”nin nəticələrini tanımayacaq”.
XS
SM
MD
LG