Accessibility links

Azərbaycan Uruqvaya nota verəcək

Noyabrın 13-də Uruqvay Nümayəndələr Palatasının (parlament) sədri Xopxe Orikonun başçılıq etdiyi nümayəndə heyəti Dağlıq Qarabağa gedib. Nümayəndə heyəti Dağlıq Qarabağın lideri Bako Saakyanla görüşüb.

Ermənistan KİV-in məlumatına görə, həmsöhbətlər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər. B.Saakyan Uruqvayın erməni soyqırımının tanınması məsələsinə verdiyi töhfəni və “Dağlıq Qarabağın tanınması” məsələsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib. Tərəflər bu istiqamətdə əlaqələrin genişləndirilməsinin və konkret addımların atılmasının vacibliyini vurğulayıb.

“Uruqvay nəzəri cəhətdən Dağlıq Qarabağı tanıyan ilk ölkə ola bilər”, - görüşdən sonra Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun həmsədri Ruben Martines Uelmo görüşdən sonra jurnalistlərə bildirib.

Deputat qeyd edib ki, “bu, siyasi prosesdir və tədricən getməlidir”.

“Bütün arqumentləri ümumiləşdirməli və siyasi qüvvələrə təqdim etməliyik. Qarabağa səfər xüsusi cəsarət tələb etmir və təbii addımdır. Biz erməni xalqının dostuyuq”, - Ruben Martines Uelmo vurğulayıb

Azərbaycan Uruqvay deputatlarının Dağlıq Qarabağa getməsini sərt qarşılayıb.

Xarici İşlər Nazirliyi Uruqvaya etiraz notası təqdim edəcək.Bu bəyanatla Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib.

Mətbuat katibi bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinə səfər heç nəyi dəyişmir. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır.

Səfərin təxribat xarakteri daşıdığını deyən E.Abdullayev, bunu maliyyələşdirən dairələrin regionda sülh prosesinə zərbə vurmaq niyyətində olduqlarını qeyd edib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar həssas nöqtədədir və Ermənistan bu cür addımlarla vaxt qazanmaq niyyətindədir. Bəzi parlamentarilər erməni diasporunun maliyyəsi hesabına onların əlində alətə çevriib.

E.Abdullayev vurğulayıb ki, bütün bunlara baxmayaraq, rəsmi Yerevan da bilir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və bunun üçün bütün imkanlara sahibdir.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, hazırda səfərlə bağlı araşdırmalar davam edir və Azərbaycan tərəfi məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfə nota vermək niyyətindədir.

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı artıq 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparır. Ermənistan qoşunlarının Azərbaycanın işğal ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib.
XS
SM
MD
LG