Accessibility links

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub


ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində toplantısı_logo

ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində toplantısı_logo

Nazir Məmmədyarov bildirib ki, Ermənistan ATƏT-in Nizamnaməsini pozaraq Azərbaycanın işğal altında olan ərazilərinə nəzarəti saxlamaq üçün güc tətbiq edir

Turan agentliyinin məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında çıxış edib.

Nazir çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yenə də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir.

“Dağlıq Qarabağ münaqişəsi əvvəlki kimi beynəlxalq təhlükəsizlik üçün ciddi çağırış olaraq qalmaqdadır. Ermənistan status-kvonu möhkəmləndirir, ATƏT nizamnaməsini pozaraq, Azərbaycanın işğal edilmiş əraziləri üzərində nəzarəti qoruyub saxlamaq üçün güc tətbiq edir”, o qeyd edib.

Nazir çıxışında ATƏT məkanında təhlükəsizlik və mövcud münaqişələrin həlli məsələsinə toxunub.

“Ermənistan icmalararası dialoqa, qaçqınların öz evlərinə qayıtmasına, regionun iqtisadi inkişafına mane olur, Azərbaycan mədəniyyətinin bütün əlamətlərini silməyə çalışır. Azərbaycanın işğal edilmiş ərazilərində dağıdılmamış Azərbaycan mədəniyyəti abidəsi qalmayıb”, nazir deyib.

O qeyd edib ki, Ermənistan tərəfin Xocalı aeroportundan istifadə etmək cəhdi narahatlıq doğurur.

“Bu, təxribatçı addımdır, etimadı pozur və regionda vəziyyəti gərginləşdirir”.

Bununla belə, münaqişənin sülh yolu ilə həllinin alternativi olmadığını bildirən Məmmədyarov deyib ki, Azərbaycan sülh danışıqlarının davam etdirilməsində maraqlıdır.

“Biz ATƏT Minsk qrupunun işini fəallaşdırmağı və hərtərəfli sülh sazişi hazırlamağa başlamağı təklif edirik”, Elmar Məmmədyarov ümidini ifadə edib.

Yerli medianın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali rəhbəri Ketrin Eşton, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri İmon Gilmor da çıxışlarında Dağlıq Qarabağ probleminə toxunub.

APA agentliyinin bildirir ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri davam etdirəcəklərini deyib.

Nazir Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri artıracaq.

“Çünki biz münaqişənin başqa həll yolunu görmürük”, Rusiya xarici işlər naziri qeyd edib.

Dövlət katibi Hillari Klinton isə deyib ki, ABŞ mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstandakı münaqişələrin nizamlanması istiqamətində səyləri davam etdirir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali rəhbəri Ketrin Eşton hesab edir ki, ATƏT regionunda olan problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi regionda həm siyasi, həm də iqtisadi baxımdan beynəlxalq əməkdaşlığa məhdudiyyətlər qoyur.

O qeyd edib ki, Avropa İttifaqı bu problemlərin aradan qaldırılması istiqamətində lazımi kömək göstərməkdə davam edir.

Aİ rəsmisi bildirib ki, təmsil etdiyi qurum münaqişələrin həlli prosesinə yardım göstərmək üçün etimad yaratma tədbirlərini vacib sayır.

"Bu, münaqişələrin həllinə yardım göstərməklə yanaşı, region üçün uzunmüddətli perspektivlər vəd edir. Biz ATƏT-in bu münaqişələrin həlli istiqamətində səylərini yüksək qiymətləndirir və bu istiqamətdə əməkdaşlığı intensivləşdirməyə hazırıq", - xanım Eşton bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri İmon Gilmor deyib ki, o, şəxsi nümayəndəsi Anjey Kasprşikə silahlı insidentlərin çoxalmasının qarşısını almaq məqsədilə “regionda apardığı fəal işə görə” təşəkkürünü bildirib.

“Biz ölkələrimizin vətəndaşlarının maraqlarına xidmət edirik. 2015-ci ilə - Helsinki Bəyannaməsinin 40-cı ildönümünə yaxınlaşarkən hamını konstruktiv əməkdaşlığa və təşkilatımızla həmrəylik nümayiş etdirməyə çağırıram”, deyə o qeyd edib.
XS
SM
MD
LG