Accessibility links

İlham Əliyev: İlk növbədə Ermənistan və vasitəçilər bilsinlər ki, ... səbrimiz tükənməz deyildir [Fotoqalereya]


Prezident İlham Əliyev hərbi təlimi müşahidə edir

Prezident İlham Əliyev hərbi təlimi müşahidə edir

Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik

Bizə qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Üstündən 20 il keçib. Onların heç biri icra edilmir. Beynəlxalq ictimaiyyət buna biganə yanaşır. Bu barədə prezident İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri zamanı çıxışında bildirib.

Prezident İlham Əliyev hərbi təlimi müşahidə edir

Prezident İlham Əliyev hərbi təlimi müşahidə edir

Prezident deyib: “Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar. Qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır”, o qeyd edib.

Dövlət başçısı eyni zamanda Azərbaycanın müharibə istəmədyini bildirib. “Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır”.

Əliyev bildirib ki, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. “Heç kim heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik”.

Prezident deyib ki, bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. “Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”.

Əliyev hesab edir ki, məsələnin sülh yolu ilə həll olunması Azərbaycanın iradəmizdən asılıdır. “Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyildir”.

O deyib ki, Azərbaycanın təmas xəttində əldə etdiyi üstünlük artıq reallıqdır. “Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır”, dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG