Accessibility links

Sergey Lavrov Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəzi detallardan danışıb


Sergey Lavrov

Sergey Lavrov

Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS agentliyinə müsahibə verib. O, Qarabağ üzrə gələcək tənzimlənmənin konturlarını təsvir edib.

Sual: Hazırda Rusiya, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir. Bu, yeni, amma çoxdan planlaşdırılan formatdır. Anladığım qədər, Dağlıq Qarabağdakı hadisələr gündəliyi bir qədər dəyişib. Dünən Siz Bakıya getdikdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüsünüz. Təxmin edə bilirəm ki, Dağlıq Qarabağdakı vəziyyət söhbətinizin əsas mövzusu olub. İ.Əliyevlə danışıqlarınızın əsas məzmunu barədə danışa bilərsiniz? Yaranmış vəziyyətdən hansı çıxış yollarını görürsünüz?

Sergey Lavrov: Bakıya gəldikdən dərhal sonra İlham Əliyevlə görüşdüyüm vaxta qədər vəziyyət artıq sabitləşmişdi. Bilirsiniz ki, Rusiya prezidenti V.V.Putin telefonla Azərbaycan və Ermənistanlı həmkarları ilə söhbət edib, Rusiya hökumətinin sədri D.A.Medvedev bu gün Yerevana gedir və sabah Bakıda olacaq. Azərbaycan, Ermənistan və Rusiya baş qərargah rəisləri səviyyəsində döyüş əməliyyatlarının dayandırılması haqqında razılaşma əldə olunub (biz bu prosesdə vasitəçilik etmişik). Atəşkəs elan edilib, hazırda ümumilikdə ona riayət olunur. Biz vəziyyəti izləyirik. Əsas odur ki, hər iki tərəf bu rejimə sadiqliyini təsdiq etsin.

Dünən biz bu cəhətdən vəziyyəti təsbit etdik. Bu gün xarici işlər nazirləri səviyyəsində danışıqlarımız davam edib. Üçtərəfli görüşdən başqa, Azərbaycan xarici işlər naziri E.Məmmədyarovla ikitərəfli görüş olacaq, sabah isə MDB XİN Şurasının iclasının keçiriləcəyi Moskvada Ermənistan xarici işlər naziri E.Nalbandyanla çoxdan planlaşdırılmış görüş baş tutacaq.

Hazırda əsas vəzifə zorakılığın yenidən alovlanmasına yol verməməkdir. Dünən biz Azərbaycan prezidenti İ.Əliyev ilə hələ 3-4 il əvvəl, ölkələrimizin prezidentlərinin iştirakı ilə görüşlər keçirilərkən Rusiya, Azərbaycan və Ermənistanın birgə bəyanatlarında təsbit edilmiş ideyalara qayıtmağın çox vacib olduğunu müzakirə etmişik (ümid edirəm ki, bu, Ermənistan tərəfin iştirakı ilə də müzakirə olunacaq). Siyasi tənzimlənmə yolunda səylər, bütün bu vəziyyətin necə həll edilməsi haqqında razılaşmalar axtarışı ilə yanaşı, orada həlak olanların olduğunu nəzərə alaraq, təmas xəttində etimad tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Hər iki tərəfdən itkilərlə başa çatan hadisələr olub, əsir götürülənlər olub, həlak olanların cəsədləri qarşı tərəflərə verilməlidir. Daha sonra təmas xəttindən snayperləri çıxarmaq ideyası olub. İnsanların nişangahlara baxıb hər saat, hər dəqiqə bir birini görməsi risklidir – kimlərinsə əsəbləri tab gətirmir. Bu addımlar çoxdan planlaşdırılmışdı.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin razılaşmasına əsasən, ATƏT Minsk Qrupunun həmsədrləri ilə birlikdə (bu, Rusiya, Fransa və ABŞ-dır) konkret addımların hazırlanması ilə məşğul olub. Hələ sonuna qədər təqdir edilməmiş sənəd də var, amma o, mövcuddur və artıq bir neçə ildir onun üzərində işləyirlər. Hesab edirəm ki, hazırki vəziyyət hamımızı hərəkətə keçirəcək və bu tədbirləri tezliklə təqdir etməyə və işə salmağa məcbur edəcək.

Dünən İ.Əliyevlə görüş zamanı bu mövzuya toxunmuşam. O, bizim bu tədbirləri status-kvonu əbədiləşdirmək üçün deyil (bunu heç kim istəmir), indi vəziyyəti sakitləşdirmək və normallaşdırmaq, siyasi proses üçün daha əlverişli mühit yaratmaq üçün həyata keçirəcəyimizi dərk edərək, bu yanaşmanı dəstəkləyib. Bu proses çərçivəsində Rusiya Amerikalı və Fransalı tərəfdaşlarımızla birlikdə göstərdiyi səylə yanaşı, öz təşəbbüslərini də həyata keçirir.

Rusiya prezidenti V.Putin, ondan əvvəl isə prezident D.Medvedev Qarabağ ətrafındakı rayonların azad edilməsi və eyni zamanda onun statusu məsələsinin həlli ilə vəziyyəti yoluna qoymağa imkan verən müxtəlif ideyalar irəli sürüblər. Təfsilatına varmayacağam, amma bir neçə variant danışıqlar masasında qalmaqdadır. Dünən Azərbaycan prezidenti ilə görüşdə biz də bu məsələyə toxunmuşuq. Səylərimizi davam etdirəcəyik.

XS
SM
MD
LG