Accessibility links

Mariya Zaxarova: Sankt-Peterburq görüşündə Vyanada əldə olunan razılaşma təsdiqlənib


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburqda üç prezidentin görüşündən sonraguya Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqlar prosesindən kənarlaşdıraraq problemin həlli üçün yeni format düşünməsi barədə ortaya çıxan narahatlıqları rədd edib.

“Həmsədr ölkələrin nümayəndələri məlumatlandırılıb, söhbət hansısa postfaktum məlumatlandırmadan getmir, əksinə məsələlərin müzakirəsindən gedir, həmsədr ölkələrin məlumatlandırılması görüşdən xeyli əvvəl olub”, xanım Zaxarova bildirib.

O deyib ki, forma və məzmunca ATƏT-in Minsk Qrupu çərçivəsində toplanmış bütün potensial saxlanılır.

“Əgər tərəflər özləri, Avropa və Amerikadan olan həmkarları Sankt-Peterburq görüşünü və göstərilən səyləri yüksək qiymətləndiribsə bu, görüşün faydalı olmasına ən yaxşı sübutdur”, o qeyd edib.

Sankt-Peterburq görüşünün yekunlarının Azərbaycan tərəfdən interpretasiyasını şərh etmək xahişinə cavab olaraq Zaxarova deyib ki, bu məlumatı Azərbaycan tərəfinin “əldə olunan razılaşmanı özünəməxsus şəkildə interpretasiya etmək cəhdi” hesab edir.

“Məlum olduğu kimi, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri üçtərəfli bəyanat qəbul ediblər. Bəyanatda aydın şəkildə deyilir ki, onlar mayın 16-da Vyanada keçirilən Ermənistan-Azərbaycan sammitində əldə olunan razılaşmanı təsdiqləyirlər. Bu razılaşma münaqişə zonasında vəziyyətin sabitləşməsinə, sülh prosesinin irəliləməsinə xidmət edən atmosferin yaradılmasına yönəlib. Bu məqsədlə onlar belə qərara gəliblər ki, münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayı artırılsın. Həmçinin son vaxtlar təmas xəttində saxlanılan barışıq rejimindən razılıq ifadə olunub”, rəsmi nümayəndə deyib.

Zaxarova xahiş edib ki, “görüşün yekunlarını başqa cür yozmaq cəhdlərinin olduğu ədalətsiz bəyanatlara yox, məhz orijinal bəyanata əsaslansınlar”.

“Konkret bəyanat var və bu rəsmi sənəd sayılır. Ona əsaslanmaq lazımdır, kiminsə təhrif edilmiş fikirlərinə yox”, o vurğulayıb.

XS
SM
MD
LG