Accessibility links

Deyvid Satter: Putin və Əsəd oxşar dəyərləri paylaşır [Audio]

  • Əsgər Möhsümoğlu

ABŞ-ın Filadelfiya şəhərində qərargahlanan Xarici Siyasət üzrə Araşdırma İnstitunun baş tədqiqatçısı Deyvid Satter Amerikanın Səsinə müsahibədə Rusiyanın Suriyaya yönəlik siyasətini şərh edib. Amerikalı politoloq hesab edir ki, Vladimir Putinin hökuməti Bəşər Əsəd rejimi ilə oxşar dəyərlər bölüşür. Cənab Satterin sözlərinə görə Rusiyanın Suriya hökumətinə dəstəyi bu iki hökumətlərin diktatorial mahiyyətlərindən qaynaqlanır.

Sual: Keçmişdə Rusiya Qərbin ərəb dünyasında avtokratik liderlərə qarşı xalq üsyanlarına dəstək vermək səylərinə müqavimət göstərib. Amma Moskvanın Bəşər Əsədə güclü dəstəyi hətta bu prizmada da qeyri-adi görünür. Rusiyanın inadkarlığı nə ilə bağlıdır?

Cavab: Zənnimcə, bu, məntiqə uyğundur, çünki Rusiya rəhbərliyi də qeyri-legitimdir. Bu, öz xalqından qorxan rejimdir. Moskvadakı hakimiyyət demokratik seçkilər əsasında formalaşmayıb. Suriyada olduğu kimi bu rejim də Rusiyada oxşar üsyanın baş verəcəyindən qorxur. Odur ki, Əsəd onlara doğma gəlir. Heç şübhəsiz, onlar xarici təzyiqlər yaxud müdaxilə nəticəsində avtokratik lideri devirmək ideyasını xoşlamırlar, çünki bu prinsip nə vaxtsa onların özünə qarşı tətbiq oluna bilər.

Sual: Hesab edirsinizmi ki, Çinin də müqaviməti oxşar motivdən qaynaqlanır?

Cavab: Bəli, oxşar motivlər, oxşar dəyərlər. Bu ölkələrin heç birində mülki vətəndaşlara hücumlar dəhşət doğurmur. Onlarda Qərb dövlətlərinin heysiyyatı yoxdur. Xatırladım ki, ruslar özləri Çeçenistanda üsyançıları havadan bombardman edirkən mülki vətəndaşların həyatlarına büsbütün etinasızlıq göstərirdilər. Ona görə də onların qəddar taktikalardan istifadə etdikləri halda Suriyada baş verənlərdən təsirlənməsini gözləmək qeyri-real olardı.

Sual: Əsəd qüvvələrinin mülki vətəndaşlara qarşı qətliamlar törətdiyi bir zamanda Moskva ərəb dünyasındakı imicindən narahat olmalıdırmı? Ümumiyyətlə bu, onların vecinədirmi?

Cavab: Yəqin ki, çox az. Onlar ərəb ictimai fikrinin davamlılığına o qədər bel bağlamırlar. Onlar öz siyasətlərini real hesab etdikləri şeylərin üzərində qururlar. Məsələn, hakimiyyət kimdədir və həmin adam onlar üçün nə edə bilər? Rusiların münasibəti belədir ki, ərəb dünyasında ictimai fikir elə də böyük əhəmiyyət kəsb etmir, və bu, bütün hallarda dəyişkəndir.

Sual: Rusiyanın Yaxın Şərqdə yeganə hərbi donanma bazası Suriyada yerləşir. Sizcə bunun məsələyə nə dərəcədə dəxli var?

Cavab: Çox dəxli var. Bu, Rusiya üçün böyük qüdrət statusunun rəmzidir. Onların fikrincə, bu, onlara regionda böyük nüfuz verir. Onlar bunu başqa heç hardan almayacaqlar. Onların başqa peyk dövləti yoxdur.

Sual: Bəşər Əsəd hakimiyyətdən devrildiyi halda Rusiyanın ona sığınacaq verəcəyini gözləmək olarmı?

Cavab: Bu, mümkünatdır. Ən azı göstərmək üçün ki, Rusiya ilə dost olmağın xeyri var, Rusiya öz dostlarına sadiqdir. Ola bilər ki, onlar Əsəd üçün başqa yer tapsınlar, Məsələn, Belarus, yaxud başqa bir ölkə.

Sual: Rusiyanın Suriya hökumətinə dəstəyi ABŞ-la münasibətlərinə necə təsir göstərəcək?

Cavab: Hesab etmirəm ki, çox təsir edəcək. Əsas olanı bu, deyil. Əsas odur ki, Kremlə öz əhalisinin diqqətini yayındırmaq üçün nəsə lazımdır. Münasibətlər pisləşəcək, amma Suriyaya görə yox. Rusiya hökumətinin mövqeyi stabilliyini itirəcək. Onlara xaricdə düşmən tapmaq lazım gələcək. Bunun üçün isə ən yaxşı namizəd Birləşmiş Ştatlardır.

Sual: Bu mənada güman edirsiz ki, Vladimir Putin keçmiş SSRİ-nin sərgilədiyi xarici siyasətə qayıdır.

Cavab: Bəzi mənalarda, bəli. Xalqı xarici təhlükə və yaxud xarici təhlükə kimi təqdim olunan ölkələrlə qorxutmaq tarixin sınağından keçmiş ənənəvi impulsdur.

XS
SM
MD
LG