Accessibility links

Davud Turan: Milli fəallara qarşı təzyiqlər davam edir və Ruhani dönəmində bunun azaldığını görmürük


Azərbaycan Milli Dirəniş Təşkilatının sədri Davud Turanın Amerikanın Səsinə müsahibəsi

Prezident Həsən Ruhani hökumətinin Qərblə konstruktiv əlaqələrin yaradılması səylərinə baxmayaraq, İran azərbaycanlıları onun seçki kampaniyası zamanı verdiyi vədlərə əməl etmədiyindən narazıdır. Güneyli fəallar ölkədə etnik azlıqlara qarşi ayrı-seçkilik siyasətinin davam etdirildiyini bildirir.

Azərbaycan Milli Dirəniş Təşkilatının sədri Davud Turan Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli fəalların mədəni hüquqlar uğrunda mübarizəsi, Urmiya gölündə ekoloji vəziyyət və prezident Həsən Ruhani hökumətinin etnik azlıqlara təzyiqlərindən danışıb.

Davud Turan prezident Ruhaninin seçki kampaniyası zamanı verdiyi vədlərə baxmayaraq, hakimiyyətdə olduğu bir il müddətində bu vədlərə əməl olunmadığını bildirib. O, İranda insan hüquqlarının, xüsusilə də etnik azlıqların haqlarının pozulması kimi ciddi problemlərin qaldığını deyib.

Davud Turan Urmiya gölünün quruması probleminə xüsusi diqqət çəkərək, Həsən Ruhani hökumətinin ekoloji vəziyyətlə əlaqədar fəaliyyət göstərmədiyini bildirib.

“Həsən Ruhani Azərbaycan bölgəsinə gəldiyi zamanı etnik qrupların öz ana dilində təhsil ala bilməsini təmin edəcəyini və hətta Azərbaycan dilində bir qurum təşkil ediləcəyini, əsas problemlərdən biri olan Urmiya gölünün qurumasının qarşısını alacağını demişdi. Lakin bu günə qədər bir addım atıldığını görmürük”-deyə Davud Turan bildirib.

O, azərbaycanlı milli-mədəni və siyasi fəallara qarşı basqıların davam etdiyini, Beynəlxalq Ana Dili Günü milli fəalların həbs edilib, hələ də Təbriz və Əhər şəhərlərində saxlandığını, eyni zamanda, İran azərbaycanlılarının ana dilində kitab və qəzet nəşr etməsinə məhdudiyyətlərin qoyulduğunu vurğulayıb.

Azərbaycan Milli Dirəniş Təşkilatının sədri Azərbaycan fəallarının durumundan danışaraq, onlara uzunmüddətli həbs cəzalarının verildiyini qeyd edib. Davud Turan prezident Həsən Ruhaninin hakimiyyəti dönəmində azərbaycanlılarla yanaşı, İranda yaşayan digər etnik qrupların üzvlərinin də təqiblər, həbslər və təzyiqlərlə qarşılaşdığını deyib.

“Azərbaycanlılar yaşadıqları yerlərdə çoxluq təşkil edirlər. İran hökumətinin də qorxusu var, edam yolu ilə təzyiq göstərmir, amma uzunmüddətli həbslər, ailə üzvlərini qorxutmaq, gecə evlərdə axtarış aparmaq və nəzarət altına almaq yolu ilə təzyiqlər davam edir və Ruhani dövründə heç bir şəkildə azalma yoxdur”-deyə Davud Turan Amerikanın Səsinə bildirib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG