Accessibility links

Dəməşq yaxınlığında bomba partlayışında 5 nəfər ölüb, 15 nəfər yaralanıb


Suriyanın dövlətə məxsus mediasının verdiyi məlumata görə, Dəməşq yaxınlığında hökumətin nəzarətində olan ərazidə maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 15 nəfər yarlanıb.

Partlayış Suriya paytaxtının cənub-şərqində yerləşən Sasa şəhərciyində törədilib.

Hücuma görə məsuiyyəti Əl-Qaidə ilə əlaqəsi olan Fətah Əl-Şəm Cəhbəsi qrupu öz üzərinə götürüb.

Bomba partlayışı ölkədə Suriya hökumətinin müttəfiqi olan Rusiya və Türkiyənin vasitəçiliyi ilə dekabr ayında əldə edilmiş atəşkəs dövrü baş verib. Atəşkəs haqda razılıq İŞİD və əvvəllər Əl-Nusra Cəbhəsi kimi tanınan Əl-Qaidə ilə əlaqəsi olan Fətah Əl-Şəm qruplarına şamil edilmir.

Şənbə günü Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 40 adam həyatını itirib. Ölənlərin çoxu Hələb şəhərində aylardır sürən münaqişə nəticəsində məcbur köçkün olmuş insanlar olub.

Müşahidəçilərin bildirdiyinə görə, partlayış üsyançıların nəzarətində olan Azaz şəhərində məhkəmə binası və Dəməşq hökumətini devirməyə çalışan müxalif döyüşçülərin yerləşdiyi təhlükəsizlik ofislərinin qarşısında baş verib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG