Accessibility links

Dəməşqdə hökumət qüvvələri və üsyançılar arasında toqquşmalar baş verib


Suriyanın dövlət mediasının verdiyi məlumata görəı, üsyançıların tunellər vasitəsilə paytaxt Dəməşqin hökumət binalarının yerləşdiyi ərazilərə daxil olmasından sonra şəhərdə toqquşmalar baş verib.

Üsyançıların Dəməşqdə hökumətin şəhərin şərqində müxalif qrupların mərkəzləşdiyi hissəsindən özünü təcrid etdiyi bu yüksək mühafizə olunan təhlükəsizlik kordonunu keçməsi təəccüb doğurub.

Sakinlər şəhərin mərkəzində artilleriya atəşləri səslərinin eşidildiyini bildirib. Dəməşqdə fəallara məxsus Today Facebook qrupunun səhifəsində hökumətin şəhərin toqquşmaların baş verdiyi hissəsində havadan reydlər keçirdiyi haqda məlumat verilib.

Qrup günorta saatlarında baş verən hücumun dəf edilməsi üçün piyada və tank qüvvələrinin hökumətin yerləşdiyi hissələrə gətirildiyini bildirib.

Suriya təhlükəsizlik qüvvələri Dəməşqin köhnə hissəsində məhkəmə binası qarşısında keşik çəkir
Suriya təhlükəsizlik qüvvələri Dəməşqin köhnə hissəsində məhkəmə binası qarşısında keşik çəkir

Suriya hökuməti altı ildir gedən vətəndaş müharibəsi nəticəsində silahlı qüvvələrin qabiliyyəti tükəndiyinə görə öz ərazisini qorumaq məqsədilə rəsmi və yarı rəsmi hərbi qüvvələrə arxalanır. Yarı rəsmi hərbi dəstələrə İran, İraq və Livanın və Yaxın Şərqdin başqa ölkələrinin şiə hərbi qrupları daxildir.

Toqquşmalar müxalifətin mühasirəyə alınmış Cobar və Qabun məhəlləri arasında hökumətin nəzarət etdiyi hissədə baş verib. Ultra mühafizəkar Əhrar Əl-Şəm üsyançı fraksiyası döyüşçülərin ərazini azad etdiyini bildirib.

Əl-Qaidə ilə əlaqəsi olan Levant Azadlıq Komitəsi və müstəqil Failaq Əl-Rəhman qrupu da hücumda iştirak edib.

Suriyanın dövlət mediası hərbi qüvvələrin "terrorçuların" gecə tunellər vasitəsilə əraziyə daxil olmasından sonra Əl-Qaidə ilə əlaqəsi olan qrupun tərəfindən hücumu dəf etdiyini bildirib.

Üsyançılar bazar günü səhər saat 5:20-də Cobar məhəlləsində maşına yerləşdirilmiş iki bombanı partladıb. Hücuma görə məsuliyyəti Levant Azadlıq Komitəsi öz üzərinə götürüb.

Hökumət ölkənin şimalında Hələb, mərkəzdə Homs və Dəməşq ətrafında başqa şəhərlərdə qələbələrdən sonra üsyançıların paytaxtda saxladıqları mövqelərdən çəkilməsi üçün təzyiq göstərir.

On minlərlə döyüşçü, dissident və onların ailə üzvləri uzun zamandır mühasirədə olan ərazilərdən şimal-qərbdə üsyançıların nəzarətində olan yerlərə köçürülməyə razı olub. Müxalifət nümayəndələri bunu "məcburi yerləşdirilmə" adlandırır.

Cobar Suriya paytaxtında müxalifətin nəzarətində olan üç yerdən biridir. Dəməşqin bu məhəlləsi 2013-cü ildən Suriya hökumət qüvvələri tərəfindən mühasirədədir.

XS
SM
MD
LG