Accessibility links

Yeni hərəkat: “Azərbaycan Demokratiya və Rifah” (ADR)


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təsisçiləri bəynnamə imzalayıb.

Sənəddə Azərbaycanın XX əsrdə iki dəfə müstəqillik qazandığı qeyd olunur. 1918-ci ildə əldə edilən azadlığı qoruya bilməməyə səbəb kimi bolşevik işgalı göstərilir. XX əsrin sonlarında əldə edilən müstəqiliyin demokratik prinsiplərlə zənginləşdirilməsinə ölkə içində və xaricdə olan qüvvələrin maneçiliyi əsas göstərilir. Mövcud hakimiyyət ölkədə demokratik prinsipləri bərqərar etməkdə maraqlı olmamaqda ittiham edilir. Əksinə, mövcud iqtidar hakimiyyətə gəldikdən bu yana ölkədə az-çox mövcud olan demokratik qüvvələrin zəiflədilməsi və sıradan çıxarılması kimi prosesin baş verdiyi nəzərə çatdırırlır. Əhalidə gələcəyə nikbinlik qalmadığı ifadə edilir.

Sənədi imzalayanlar sələflərin nəzərdə tutduqları hədəflərə yetə bilmək üçün “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatı yaratdıqlarını bəyan edirlər.

Demokratik prinsiplərə, insan haqları və azadlıqlarına, xalq rifahının gerçəkləşməsinə əsaslanan cəmiyyət qurulması Hərəkatın əsas hədəfi kimi qeyd olunur.

Hərəkat üzərinə ölkənin ictimai-siyasi və iqtisadi həyatının müxtəlif sahələrində islahatlar aparılması, siyasi məhbusların azad olunması, ictimai-siyasi fəaliyyətə görə təqiblərə birədəflik son qoyulması, vətəndaş sülhü və ictimai həmrəyliyə nail olunması, Qarabağın işğaldan azad edilməsinə çalışmaq, ölkə vətəndaşlarının rifahını yüksəldə bilmək kimi vəzifələr götürür.

Sənəddə deyilir ki, siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmadan hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşının Hərəkatın üzvü ola biləcəyi vurğulanır.

Son olaraq, Hərəkatın idarəetmə orqanlarının yaxın zamanlarda üzvlərin iştirakı ilə keçirilməsi planlaşdırılan təsis yığıncağında formalaşdırılacağı nəzərə çatdırılır.

Bəyannaməni Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov imzalayıblar.

Xatırladaq ki, hərəkatın təsisçilərindən olan Qubad İbadoğlu bu ilin yayında Müsavat Partiyasının son qurultayında partiya sədrliyinə namizəd olub. Seçkinin nəticələrinə görə, az səs fərqilə uduzaraq sədrlik postuna yiyələnə bilməyib. Bundan sonra partiyanın yeni rəhbərliyi ilə Q.İbadoğlu tərəfdarları arasında gərginlik yaşanıb. Daha sonra Q.İbadoğlu tərəfdarları yeni qurum yaratmaq niyyətlərini bəyan ediblər.

XS
SM
MD
LG