Accessibility links

Demokratlar Donald Trampa seçki saxtakarlığı ilə bağlı iddialarına görə irad tuturlar [Video]


Prezidentlik vəzifəsinin icrasına başlayandan bir neçə gün sonra Demokratlar yeni prezident Donald Trampı seçki kampaniyası zamanı etdiyi vədlərini yerinə yetirməyə və yalanlar üzərində israr etməyə son qoymağa çağırır. Bu çağırışlar Trampın onun inaqurasiyasında ən çox sayda insanın iştirak etdiyi və onun elektoral səsvermə ilə yanaşı ümumxalq səsverməsində də qalib gəldiyinə dair iddialarından sonra edilib.

Faktları qəbul etməsən, höküməti idarə edə, insanlara yardım edə, Amerikanın təhlükəsizliyini təmin edə bilməzsən. Bu qədər bəsit. O, bunu etməyə başlamayanadək isə, ölkə bir çox problemlə üzləşəcək.

Noyabrın 8-də Tramp 306 elektoral səs qazandı, rəqibi Hillari Klinton isə 232 və beləliklə Tramp qələbə əldə etdi. Lakin səslərin hesablamalarının son nəticələri ümumxalq səsverməsində Klintonun Trampdan 3 milyon daha çox səs qazandığı göstərdi. İnaqurasiyasından sonra Tramp bu nəticələrin seçici saxtakarlığını əks etdirdiyini iddia etdi. Çərşənbə axşamı isə onun mətbuat katibi bu iddiaları bir daha təsdiqlədi.

“Trampın 3-5 milyon insanın qeyri-qanuni olaraq səsvermədə iştirak etdiyinə dair iddiları, nəzər saldığı araşdırmalara əsaslanır,” Çon Spayser deyib.

Tramp administrasiyası həmçinin onun inaqurasiyasına indiyədək ən çox insanın qatıldığını təkid edir. Mediada yer alan hesabatlar və şəkillər isə bunun əksini göstərir. Bir çox hesablamalara əsasən, inaqurasiyadan bir gün sonra keçirilən qadınların yürüşündə prezidentin and içmə mərasimindən daha çox insan iştirak edib.

Trampla eyni partiyaya mənsub Respublikaçılar bu məsələdən yayınmağa çalışıblar. Lakin müxbirlərdən gələn suallara cavab olaraq Nümayəndələr Palatasının spikeri Pol Rayan bunu deyib:

“Mən artıq bununla bağlı şərh vermişəm. Mən bununla bağlı heç bir dəlil görməmişəm və fikrimi də açıq ifadə etmişəm.”

Daha sonra o dərhal mövzunu dəyişib. Amma Demokratlar prezidentə söylədiklərinə görə cavabdeh olacağına dair güclü mesaj göndəriblər.

Çak Şumer: “Faktları qəbul etməsən, höküməti idarə edə, insanlara yardım edə, Amerikanın təhlükəsizliyini təmin edə bilməzsən. Bu qədər bəsit. O, bunu etməyə başlamayanadək isə, ölkə bir çox problemlə üzləşəcək. Bu Demokratların, Respublikaçıların, liberalların və ya mühafizəkarların problemi olmayacaq – bu, sadəcə faktlardan yayınıldığa görə yaranan problemlər olacaq.”

Bu cür yalanlar deyiləndə, bizim Respublikaçı həmkarlarımız onlardan qaçmalı deyil, bu yalanları təkzib etməlidirlər.

Çərşənbə axşamı nyu-yorklu senator Çak Şumer də prezidentin iddialarına heç bir reaksiya vermədiklərinə görə Respublikaçıları qınayıb.

“Bu cür yalanlar deyiləndə, bizim Respublikaçı həmkarlarımız onlardan qaçmalı deyil, bu yalanları təkzib etməlidirlər," deyə o bildirib.

Şumer həmçinin qeyd edib ki, prezident olaraq Tramp seçki və ya inaqurasiyaya toplaşan izdihamın həcmindən deyil, nə qədər iş yeri yaradacağından danışmalıdır. Trampın seçki vədlərindən biri ABŞ-ın istehsal sənayesini canlandırmaq və Amerika xalqına ziyan vurduğunu düşündüyü ticarət razılıqlarını yenidən nəzərdən keçirmək idi.

XS
SM
MD
LG