Accessibility links

Demokrat partiyasının qurultayı Sanders tərəfdarlarının nümayişləri fonunda açıldı [FOTOQALEREYA]


Filadelfiyada Demokrat partiyasının qurultayının rəsmi açılışı tədbirin keçirildiyi Wells Fargo mərkəzinin qarşısında Vermont senatoru Berni Sandersin tərəfdarlarının etiraz nümayişləri ilə müşayiət oldu.

Sanders qurultayın işinin birinci günü Hillari Klintona dəstəyini bildirərək, çıxış etməlidir. Lakin onun tərəfdarları belə görünür, Klintonun namizədliyinə dəstək verməyə hazır deyil. Qurultaydan əvvəl tərəfdarları ilə görüşən Vermont senatoru onları Donald Trampın prezident seçilməsinə yol verməmək üçün Hillari Klintona dəstək verməyə çağırıb. Lakin senatorun tərəfdarları partiya qurultayının açılışı zamanı keçirdikləri etiraz nümayişində Klinton deyil, Sandersə dəstək verdiklərini və partiyadan narazılıqlarını bildiriblər.

Bu narazılıqların əsas səbəbi Wikileaks saytı tərəfindən Demokrat partiyasının yüksək səviyyəli nümayəndələrinin Berni Sandersin kampaniyasını zəiflətmək məqsədilə strategiya hazırladıqlarını göstərən emaillərin ictimaiyyətə açıqlanması ilə bağlıdır. Demokrat partiyasının sədri Debbi Vasserman Şults istefa verib, qurultayın işindən kənarlaşdırılsa da, Sanders tərəfdarları bununla qane olmaq istəmir. Onlar Demokrat partiyası və onun rəsmilərindən birbaşa narazılıqlarını bildiriblər.

Qurultayın keçirildiyi arenanın qarşısında toplaşan nümayişçilər üzərində `Biz Berni Sandersi dəstəkləyirik`, `Hillari deyil, Berni`, Bu, sizin istədiyiniz demokratiyadırmı?` yazılmış plakatlar tutub. Amerikanın Səsinə danışan bəzi nümayişçiər Berni Sandersin Klintona dəstək verməməli olduğunu deyib.

Sanders milyonlarla gənc amerikalının dəstəyini qazanaraq, Klintonla gərgin rəqabət şəraitində keçən kampaniya apara bilmişdi.

Sanders tərəfdarlarının etirazları Demokrat partiyasının qurultayının işinə kölgə salmaqla yanaşı, həm də partiyanın birlik səyləri qarşısında maneə yaradır. Hillari Klinton gənc və liberal seçiciləri narazı qoyan uzun nominasiya prosesindən sonra qurultayda partiya daxili birliyə nail olmağa çalışır.

Birlik qurultayın əsas şüarlarından biridir. Tədbirin birinci günü Berni Sanderslə yanaşı, ABŞ-ın birinci xanımı Mişel Obama, Massaçusets ştatından senator Elizabet Uorren çıxış edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG