Accessibility links

Nardaranlılar xüsusi mülkiyyətə hörmət edir, amma dənizi hasarlayıblar [Video]


Dəniz sahili

Dəniz sahili

Deputatlar dəniz sahillərinin hasarlanmasının əleyhinədir

“Nardaran camaatı hökumətdən fərqli olaraq xüsusi mülkiyyətə hörmətlə yanaşır. Kənd camaatı heç kimin xüsusi mülkiyyətini dağıtmaq fikrində deyil. Amma dənizin çəpərlənməsi bir həqiqətdir. Məmurlar Nardaranda dənizin sahillərində hektarlarla torpaqları hasarlayıb. Onların adlarını hökumətdə hamı yaxşı bilir”.

Bu barədə Amerikanın Səsinə deputat Zeynəb Xanlarovanın Milli Məclisin fevralın 25-də keçirilən plenar iclasında dəniz sahillərinin hasarlanmasının yerli sakinlərin ciddi narazılığına səbəb olması ilə bağlı çıxışına Nardaran kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov münasibət bildirərkən deyib.

O kənd sakinləri adından deputat Xanlarovaya problemlərini səsləndirdiyi üçün təşəkkür edib.

“Dəniz sahilləri məmurlar tərəfində özəlləşdirilməyib, sadəcə özününküləşdirilib. Biz problemin qanunlar daxilində hüququ qaydada həllini istəyirik”, o qeyd edib.

Deputat Fazil Qəzənfəroğlu da dəniz sahillərinin hasarlanmasının əleyhinədir.

“Xalqın ayağa qalxıb-qalxmayacağını deyə bilmərəm. Ancaq dəniz sahillərinin divara alınmasının tam əleyhinəyəm. Parlamentdə də bir neçə dəfə bu məsələni qaldırmışam”, o bildirib.

Deputata İqbal Ağazadə Amerikanın Səsinə deyib ki, dəniz sahillərinin hasara alınması ümumilikdə xalqı narahat edən məsələlərdəndir.

“Zeynəb Xanlarovanın dediyində böyük həqiqət var. Bəzi yerlərdə dənizə çıxışlar ümumiyyətlə bağlanıb. Dəniz bütün insanlarındır. Bu məsələləri parlamentdə mən də dəfələrlə qaldırmışam”, Ağazadə qeyd edib.

Milli Məclisin deputatı Zeynəb Xanlarova parlamentdə Nardaran kənd camaatının problemlərini qaldırıb. O öncə ölkə prezidentinə kənd camaatının problemlərinin həllinə daim kömək etdiyinə görə minnətdarlığını bildirib.

“Mən Naradaranın işıq, qaz, su problemlərini cənab prezidentin nəzərinə çatdırdım. O da sağ olsun ki, bu məsələyə çox böyük diqqətlə yanaşaraq onların həlli istiqamətində addımlar atdı. Bu gün bu məsələdə artıq ciddi problem yoxdur.

Lakin bu, daha vacib problemdir. Camaat çox narahatdır. Biz gərək yerli camaatı ayağa qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, dənizin qırağında elə evlər tikilib ki, bilmək olmur kimindir. Üstəgəl o evləri elə hasara alırlar ki, mən dünyanı gəzmişəm elə hasarlar görməmişəm. Amerikada Ağ Evin qarşısında belə, heç bir hasar yoxdur. İnsanlar ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar. Bəs bu dənizi niyə alıblar? Hasarı çəkmisən özün bilərsən, gəlib səni oğurlamayacaqlar ki? Bilmirəm kimindir, İsgəndərindir, yoxsa Cahangirin?”

Bu gün Nardaran camaatını daha çox dənizin sahillərinin imkanlı adamlar tərəfindən hasarlanması narahat edir. Maştağa tərəfdə evlər tikilib, hasar çəkilib. Tikiblər, sağlıqlarına qismət. Amma hasarlarla dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var, evi hasara alsınlar, bir də var, dənizi hasara alıblar. Niyə belə ediblər? Onu istəyirlər ki, xalq ayağa qalxsın, külünglə gedib onları sındırsınlar? Biz xalqı güclə sakitləşdiririk ki, belə şeylər olmasın. Niyə belə edirlər? Mən qorxuram ki, camaat ayağa qalxsın. Nardaran camaatı, mən öl-sən öl, qəbul etmirlər. Məndən deməkdir. Nardaran camaatı da bilsin ki, mən onların problemini qaldırdım”, deputat qeyd edib.
XS
SM
MD
LG