Accessibility links

Noyabrın 6-da “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş vermiş, nəticədə estakadanın üzərindən keçən 250 mm diametrlik neft xətti qırılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin məlumatına görə qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb.

Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış axtarış işlərinə cəlb olunub.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirir ki, hadisə rayonuna FHN-nin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib və suda batması ehtimal olunan bir nəfərin axtarış işləri aparılır. Axtarış-xilasetmə işləri noyabrın 7-də də davam etdiriləcək.

Xatirladaq ki, N.Nərimanov adına NQÇİ-də ərazisində oktyabrən 23-də də estakada uçub. Nəticədə 4 nəfər dənizə düşərək dünyasını dəyişib.

XS
SM
MD
LG