Accessibility links

Prezident İlham Əliyev Rusiyanın Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması üçün beş milyon manat ayırıb.

Prezidentin bu barədə sərəncamında deyilir ki, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb.

Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb.

“Hal-hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılsın”, sənəddə qeyd edilir.

Show comments

XS
SM
MD
LG