Accessibility links

Mərkəzi Bankın sədri növbəti devalvasiyanın olmayacağını deyir


Elman Rüstəmov

Elman Rüstəmov

Azərbaycanda manatının növbəti devalvasiyası gözlənilmir və gördüyünüz kimi, manatın möhkəmlənməsi prosesi gedir". Report agentliyinin məlumatına görə, bu barədə bu gün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar gedir və Mərkəzi Bank bu quruma da pul ayıracaq.

"Düşünürəm ki, ayrılacaq pulun faizi uçot dərəcəsindən çox olmayacaq", o qeyd edib.

Rüstəmov deyib ki, “Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb.

“Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir".

O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq.

"Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir".

E.Rüstəmov həmçinin, bankların konsolidasiya prosesinin başa çatdığını da bildirib.

"Bircə "AGBank"la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır".

Baş bankir ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığnı da əlavə edib.

Öz növbəsində, iqtisadçı Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun hər dəfə “devalvasiya olmayacaq” tipli bəyanatlarının insanlarda əndişə yaratdığını düşünür.

O Meydan.tv saytına deyib ki, baş bankir fevralın 18-də oxşar bəyanat verdi, fevralın 21-də devalvasiya elan edildi. “Ötən il dekabrın ortalarında yenə heç bir devalvasiya olmayacağını söyləsə də, dekabrın 21-də növbəti devalvasiya oldu. Ona görə baş bankirin çıxışından sonra hansı proseslərin gedəcəyi barədə danışmaq bir az çətindir. Səbəb də odur ki, Elman Rüstəmovun dedikləri həmişə tərsinə olur”, o qeyd edib.

Natiq Cəfərli Elman Rüstəmovun bankların konsolidasiyası barədə dediklərini belə şərh edib.

“Baş bankir bir müddət əvvəl 15-20 bankın qalmasının iqtisadiyyat üçün güclü bank sektoru demək olduğunu söyləmişdi. İndi məlum olur ki, cəmi 6-7 bank bağlandı və bundan sonra konsolidasiya prosesləri dayandırıldı. Səbəb də bankların lisensiyasının geri çəkilməsi ilə bu sektorda güclü panikanın yaşanmasıydı, elə həmin panikanın nəticəsində insanlar depozitlərini geri götürürdülər. Sonuncu amil Mərkəzi Bankı və bankları qorxutduğundan prosesi saxladılar, amma hələ də problemli banklar qalır. Rüstəmovun açıqlaması da buna dəlalət edir”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank bu prosesə müdaxilə etməməlidir.

“Çünki konsolidasiya bankların öz işidir və proses bitəndən sonra Mərkəzi Bank onların qeydiyyat məsələsini həll edə bilər”.

Natiq Cəfərli deyib ki, Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit verə bilər. Amma problem ondadır ki, fondun qazancı olmadığından “kreditləri nəyin hesabına qaytaracaq” sualı meydana gəlir.

“Bank sektorunda çox qəribə situasiya yaranıb. Sanki Elman Rüstəmov bu sahəni yalnız təkcə özü bilir və özü də açıqlamalar verir. Onu da düşünür ki, açıqlamaları hamı tərəfindən alqışlarla qarşılanacaq. Baş bankirin hər açıqlaması suallara cavab vermək əvəzinə yeni suallar doğurur. Dövlət məmuru anlamlıdır ki, açıqlama verərkən bütün məsələlərdə vətəndaşlara aydınlıq gətirməlidir. Elman Rüstəmovun açıqlamaları isə aydınlıq gətirməkdənsə, ciddi suallar doğurur”, Cəfərli fikrini yekunlaşdırıb.

XS
SM
MD
LG