Accessibility links

Devid Kramer: Biz Azərbaycanı azad olmayan ölkə kimi qiymətləndiririk


Vaxtikən Ronald Reyqan administrasiyasında çalışmış Elliott Abrams diktatorlarla sərt davranmağın vacibliyini vurğulayıb
Vaxtikən Ronald Reyqan administrasiyasında çalışmış Elliott Abrams diktatorlarla sərt davranmağın vacibliyini vurğulayıb

Vaşinqtonda qərargahlanan Xarici Əlaqələr Şurasının Yaxın Şərq Araşdırmaları üzrə mütəxəssisi Elliott Abrams diqqəti avtoritar liderlərin həyasızlaşmasına çəkib. Onun sözlərinə görə 25 il bundan öncə demokratizasiya populyar olanda hətta avtoritar liderlər də demokratiya haqda danışır, əməldə riayət etməsələr də sözdə demokratik prinsiplərə hörnmət etdiklərini deyirdilər. İndi isə Rusiya və Çin kimi qüdrətli avtoritar rejimlər hippokratlıq nümayiş etdirməyə də ehtiyac duymurlar.

Yanvarın 13-də Freedom House təşkilatının “Dünyada Azadlıq 2011” başlıqlı hesabatının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Freedom House-un icraçı direktoru Devid Kramer son illər ərzində bütün dünya boyu siyasi azadlıqların gerilədiyini vurğulayıb. O, Qərb dövlətlərini demokratiyanın əzildiyi ölkələrdə hökumətlərə təzyiq göstərməyə çağırıb. Daha sonra, tədbirə dəvət edilmiş ekspertlər və ABŞ Dövlət Departamentinin rəsmisi mövzu üzərində diskussiyaya başlayıblar.

İlk olaraq Freedom House-un araşdırmalar üzrə direktoru Arç Puddinqton hesabatın xülasəsini təqdim edib. O, bildirib ki, 2000-2005-ci illərlə müqaisədə 2005-2010-cu illərdə dünya boyu siyasi azadlıqların azalması müşahidə olunub. Buna misal olaraq o, təkcə ötən il azad ölkələr sırasını 2 ölkənin tərk etdiyini qeyd edib. Cənab Puddinqtonun sözlərinə görə, siyasi azadlıqların ən çox boğulduğu məkan Yaxın Şərq regionudur. İran, Misir və Tunis kimi ölkələrdə baş verən iğtişaşlara və avtoritarizmin güclənməsinə diqqət yetirən ekspert, bir çox hallarda əldə olunmuş irəliləyişlərin yoxa çıxdığını bildirib.

Daha sonra o, keçmiş Sovet məkanındakı vəziyyətə toxunub: “Biz bəzi ölkələrdə ümidverici işarələr görmüşük. Qırğızıstan azad olmayan ölkələr sırasından qismən azad ölkələr sırasına daxil olub. Gürcüstan və Ukraynada irəliləyişlər var. Lakin başlıca neqativ cərəyan Ukraynada müşahidə olunur. Düzdür, ilin əvvəlində Ukraynada normal seçkilər keçirilib. Lakin, Viktor Yanukoviç prezident seçildikdən sonra vəziyyət pisləşə-pisləşə gedir”.

Arç Puddinqton Yanukoviç hakimiyyəti dönəmində məhkəmə sisteminin siyasiləşdiyini, qeyri-hökumət təşkilatlarına basqıların artdığını və mətbuat azadlıqlarının məhdudlaşdığını bildirib. Sabiq Sovet məkanında ümumi duruma gəlincə, Freedom House-un təmsilçisi regional göstəricilərin Yaxın Şərqdəkindən elə də çox fərqlənmədiyini söyləyib.

Vaşinqtonda qərargahlanan Xarici Əlaqələr Şurasının Yaxın Şərq Araşdırmaları üzrə mütəxəssisi Elliott Abrams diqqəti avtoritar liderlərin həyasızlaşmasına çəkib. Onun sözlərinə görə, 25 il öncə demokratikləşmə hərəkatı başlananda, hətta avtoritar liderlər də demokratiya haqda danışırdı, əməldə riayət etməsələr də sözdə demokratik prinsiplərə hörmət etdiklərini deyirdilər. İndi isə Rusiya və Çin kimi qüdrətli avtoritar rejimlər hippokratlıq nümayiş etdirməyə də ehtiyac duymur. Avtoritar liderlər açıq şəkildə öz əzici idarəçilik metodlarına haqq qazandırır və onu müdafiə edir.

ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək üzrə müavini Maykl Pozner təmsil etdiyi hökumətin demokratiya və insan hüquqlarına önəm verdiyini vurğulayıb. O, bildirib ki, demokratik prinsiplər ABŞ-a məxsus deyil, onlar universal dəyərlərdir. Bu dəyərlərin aparıcı daşıyıcısı kimi ABŞ hökuməti istibdadla üzləşən xalqlara yardım əlini uzatmağa çalışır. Obama administrasiyasının bu sahədə göstəricilərini müdafiə edən Pozner həm ictimai bəyanatlarda, həm də ikitərəfli görüşlərdə demokratiya məsələlərinin mütəmadi olaraq qaldırıldığını bildirib. O, habelə qeyd edib ki, cəmiyyətlərdə müsbət dəyişikliklər, bu cəmiyyətlərin içərisindən gəlməlidir. ABŞ hökuməti isə yalnız daxildə göstərilən səylərə dəstək verə bilər.

Cənab Abrams bu məqamda ABŞ rəsmisi ilə razılaşmadığını söyləyib. O, rəsmi Vaşinqtonun demokratiya yönümündə apardığı siyasətin yararsız olduğunu bildirib. Buna səbəb kimi o, ABŞ hökumətinn ritorikası ilə ikitərəfli münasibətlər arasındakı uçurumu göstərib: “Diktator qəzeti bağladığına görə, yaxud müxalifətçini həbs etdiyinə görə hansı cəza ilə üzləşir? Əks təqdirdə bu, quru bəyanatdan başqa bir şey deyil və bunlara diktatorlar məhəl qoymayacaq. Bu baxımdan, administrasiya zəifdir. Bəzi hallarda adminstrasiya düzgün ifadələrdən istifadə edib... Lakin konkret nəticələrə gəldikdə ortada nailiyyət yoxdur. Əgər hüquq pozuntuları ikitərəfli münasibətlərə real təsir göstərmirsə, onda hökumətlər bəyanatlara məhəl qoymur”.

Tədbirdən sonra, Freedom House-un rəhbəri Devid Kramer Amerikanın Səsinin Azərbaycan xidmətinə qısa müsahibə verib. Müsahibədə cənab Kramer Azərbaycanda siyasi azadlıqların boğulmasından dərin narahatlığını ifadə edib.“Biz Azərbaycanı azad olmayan ölkə kimi qiymətləndiririk. Bizi bu yaxınlarda keçirilmiş seçkilər xeyli narahat edir. Biz həmçinin jurnalistlər və blogerlərə qarşı təzyiqlər, təqiblər və həbslərdən narazıyıq, hərçənd ki, iki bloger azadlığa buraxılıb. Lakin həbs edilmiş blogerlərin sonradan sərbəst buraxılması pis əməli aradan qaldırmaqdır, özü-özlüyündə yaxşı əməl deyil. Sivil cəmiyyətə basqılar davam edir. Təəssüf ki, Azərbaycan nəinki 2010-cu ildə, ümumiyyətlə son illərdə heç bir irəliləyiş göstərməyib. Bilmirəm ki, dəyişikliyə nə təkan verəcək? Azərbaycan rəhbərliyi bilir ki, ölkə təhlükəsizlik, iqtisadi və enerji səbəbləri üzündən mühümdür. Zənnimcə, avropalılar və eləcə də amerikalılar tərəfdə indiyədək belə bir tendensiya mövcud olub ki, azadlıq və demokratiya məsələlərindən çox, əsas diqqət bayaq sadaladığım məsələlərə verilir.”

Metyu Brayzanın prezident Barak Obama tərəfindən ABŞ-ın Azərbaycana səfir təyin edilməsinə və səfirin bu günlərdə fəaliyyətə başlayacağı ərəfədə şərh verən Devid Kramer ümid etdiyini bildirib ki, demokratiya və insan haqları ABŞ-Azərbaycan münasibətlərində mühüm yer tutacaq: “2009-cu ilin yayından bəri ABŞ-ın Azərbaycanda səfiri olmyayıb. Odur ki, ABŞ-ın Azərbaycana səfir göndərməsinin vaxtı çoxdan yetişib. Metyu Brayza ABŞ prezidenti tərəfindən birbaşa təyinat alıb. Bu, onu göstərir ki, ABŞ Azərbaycana böyük önəm verir. Metyu Brayzanı tanıyan adam kimi deyə bilərəm ki, insan haqları və azadlıq onun gündəliyində yer alacaq. Əlbəttə ki, mənim rəhbərlik etdiyim təşkilat bu məsələlərə geniş diqqət ayrılmasını təmin etmək üçün əlindən gələni əsirgəməyəcək”.

XS
SM
MD
LG