Accessibility links

Aprelin 21-də axşam saatlarında Bakının Badamdar qəsəbəsindəki “Bulaq” restoranında silahlı insident baş verib. Bu zaman atılan güllələrdən biri ABŞ səfirinin müavininin dayanmış avtomobilinə dəyib.

Atışma zamanı iki nəfər yaralanıb. Münaqişəyə restorana gələnlərin borcla bağlı mübahisəni ayırd edərkən çəkişməsi səbəb olub.

Səbael Rayon Polis İdarəsi bildirib ki, Samir adlı şəxs tapançadan atəş açaraq Astara sakini Fərid Əkbərovu və Bakı sakini Süleyman Abdullayevi ağır yaralayıb.

Yerli medianın yazdığına görə, silahlı inisident zamanı güllələrdən biri ABŞ səfirnin müavini Derek Hoqanın restotranın yaxınlığında dayanmış avtomobilinə dəyib, lakin maşında olan sürücü xəsarət almayıb.

Amerikanın Səsinin sorğusuna cavabda ABŞ səfirliyi avtomobilə güllə dəyməsi faktını təsdiqləyib.

“Bu iki tərəf arasında hansısa mübahisə nəticəsində açılan nəqafil güllə olub və hadisə yerinin yaxınlığında dayanmış ABŞ səfirinin müavinin avtomobilinə dəyib. Həmin vaxt səfir müavini Derek Hoqan avtomobildə olmayıb. ABŞ səfirliyinin əməkdaşlarından zərər çəkən olmayıb. Polis təhqiqat aparır. İnsidentlə bağlı bütün suallarınızı yerli orqanlara ünvanlayın”, deyə ABŞ səfirliyindən bildiriblər.

Öz növbəsində Bakı şəhər Prokurorluğundan Amerikanın Səsinə deyiblər ki, baş vermis insidentlə bağlı rəsmi məlumat yayılacaq.

XS
SM
MD
LG