Accessibility links

Dəyanət Babayev: Cinayət işi də, məhkəmənin qərarı da siyasidir [Audio]


AXCP fəalı Dəyanət Babayev

AXCP fəalı Dəyanət Babayev

Məhkəmə AXCP fəalının istintaq müddətində azadlıqda olması barədə qərar qəbul edib


Noyabrın 26-da Nəsimi Rayon Məhkəməsi müxalifətdə olan AXCP fəalı Dəyanət Babayevin istintaq müddətində azadlıqda olması barədə qərar qəbul edib.

O Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) ittiham olunur.

Dəyanət Babayev Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, noyabrın 7-də Nəsimi rayonunda Tofiq Səlimov adlı şəxs fiziki zora məruz qalması ilə bağlı polisə müraciət edib.


“Tofiq Səlimov noyabrın 7-də bizə yaxınlaşdı və aramızda hər hansı mübahisə olmadı. Birdən o qaçdı və bizi güdən polis əməkdaşlarını dəvət etdi. Onlar da heç bir sübut olmadan cinayət işi başlayıb. Tofiqlə bizim danışığımız təhlükəsizlik kamerasının qarşısında olub. O əvvəllər, 2011-ci il 11 mart aksiyası zamanı da məni saxlamışdı. O zaman özünü polis kimi qələmə verirdi”, o qeyd edib.

D. Babayev ona qarşı qaldırılan cinayət işini və istintaq müddətində azadlıqda qalması ilə bağlı məhkəmə qərarını siyasi sifariş adlandırıb.

“Yəqin ki, mənin azadlığa buraxılmağım Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri ilə görüş zamanı həll olunub. Çünki, məhkəmədən öncə barəmdə iki ay həbs qətimkan tədbiri seçiləcəyi barədə məni xəbərdar etmişdilər”, AXCP fəalı bildirib.

Vəkil Əsabəli Mustafayev də hesab edir ki, AXCP fəalı Dəyanət Babayevin istintaq müddətində azadlıqda olmasına qərar verilməsi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçilərinin Bakıda olması ilə bağlıdır.

“Biz Dəyanətlə bağlı məsələni həmməruzəçi Pedro Aqramunta çatdırmışdıq. Dəyanət Babayevin azadlığa buraxılmasına da bu səbəb oldu. Məhkəmə iki gün sonra olsaydı, həbs qətimkan tədbiri seçiləcəkdi”.

Əsabəli Mustafayev qeyd edib ki, problemli məsələ cinayət işinin hələ də qüvvədə qalmasıdır,

“D.Babayevə ittiham elan olunub və şahidlər dindirilib. Ondan istintaq müddətində başqa yerə getməmək barədə iltizam alınıb. İstənilən vaxt nəyisə bəhanə gətirib həbsi yenidən tətbiq edə bilərlər. Biz bunu gözləyirik. Ona görə də cinayət işinin qondarma fakta əsaslandığını sübuta yetirməyə, Dəyanətin bəraət qazanmasına səy göstərəcəyik”, o qeyd edib.
XS
SM
MD
LG