Accessibility links

“Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qətnaməsi real situasiyaya adekvatdır”


Avropa Parlamenti
Avropa Parlamenti

15 oktyabr 2014-cü ildə Müsavat Partiyasının Mərkəzi Qərargahında Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan siyasi partiyalar Avropa Parlamentinin Azərbaycanda demokratiyanın vəziyyətinə dair Qətnaməsinin müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirib.

Tədbirdə Klassik Xalq Cəbhəsi (KXCP), Müsavat, Demokrat (ADP), Ümid, Azadlıq, Liberal-Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq və Azad Demokrat Partiyalarının, QHT-lərin, eləcə də Avropa İttifaqının Azərbaycan ofisinin nümayəndələri iştirak edib.

Dəyirmi Masa müzakirələrin yekunlarına dair bəyanat qəbul edib.

Sənəddə deyilir ki, Avropa Parlamentinin Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyətinə dair 18 sentyabr 2014-cü il tarixli Qətnaməsini müzakirə edərək qeyd edirik ki, həmin sənəddə Azərbaycanda əsas insan hüquq və azadlıqlarına əməl olunması sahəsində vəziyyətin təsviri və faktiki halları real situasiyaya adekvatdır və gerçəkliyi əks etdirir.

“Qətnamənin tövsiyələrinə gəldikdə onlar Azərbaycanın demokratik ictimaiyyətinin, o cümlədən siyasi müxalifətin irəli sürdüyü tələblərlə səsləşir. Dəyirmi masa iştirakçıları Azərbaycan hakimiyyətindən tələb edir ki, ölkənin strateji maraqlarını nəzərə alaraq, həmin tövsiyələrə diqqətlə yanaşsın, ilk növbədə siyasi və vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad etsin. Bu zaman dəyirmi masa iştirakçıları diqqəti ona cəlb edirlər ki, analoji məzmunlu tələb və tövsiyələr Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu ATƏT, Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, BMT-nin İnsan Haqları Komissiyası, habelə sivilizasiyalı xalq və cəmiyyətlərdə böyük nüfuza malik hüquq müdafiə təşkilatları - “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” və digərləri tərəfindən də qəbul edilib”, bəyanatda qeyd edilir.

XS
SM
MD
LG