Accessibility links

Vaşinqtonda Mərkəzi Asiya və Qafqazda demokratiyanın inkişafı müzakirə olundu

Vaşinqtonda yerləşən Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda Post Sovet ölkələrinin demokratiya öhdəliklərinə nəzər salan konfrans keçirilib. “25 il Mərkəzi Asiya və Qafqazda Demokratiyanın İnkişafı: Bunu necə etmişik” adlı tədbiri giriş sözü ilə açan institutun direktoru Frederik Star deyib ki, konfransın başlıca məqsədi son 25 ildə görülən işlərə, strategiyalara nəzər salaraq nələrin işlədiyinə və daha nələrin görülməli olduğuna aydınlıq gətirməkdir.

“Demokratiyanı necə inkişaf etdirmişik?” sualına Makkeyn İnstitutunun Demokratiya və İnsan Haqları üzrə baş direktoru Deyvid Kramer “Çox pis” deyə cavab verib. Freedom House təşkilatının sabiq prezidenti bildirib ki, Mərkəzi Asiyada demokratiyanın ən aşağı səviyyədə olduğu ölkələr Özbəkistan və Türkmənistan, Qafqazda isə Azərbaycandır.

Regionda demokratiyanın inkişafının qarşısını həm daxili, həm də xarici amillərin aldığını bildirən cənab Kramerin sözlərinə görə, Rusiya və Çin burada böyük rola sahib olub. O, Gürcüstan və müəyyən mənada Qırğızıstanın bu sahədə bəzi islahatlar həyata keçirə bildiyini deyib.

“Qafqazdakı ölkələrə Avropa Birliyi və NATO perspektivləri təklif olunmalıdır. Bundan başqa ABŞ-ın oradakı səfirləri bu sahədə səslərini ucaltmalıdır, burada keçirilən dinləmələrdə rəsmilər iştirak etməlidir,” deyə Freedom House-un sabiq prezidenti vurğulayıb.

Qafqazdakı ölkələrə Avropa Birliyi və NATO perspektivləri təklif olunmalıdır. Bundan başqa ABŞ-ın oradakı səfirləri bu sahədə səslərini ucaltmalıdır, keçirilən dinləmələrdə rəsmilər iştirak etməlidir.

Deyvid Kramer Azərbaycanda ABŞ-ın təhlükəsizlik və enerji maraqlarının insan haqları və demokratiya maraqlarına üstün gəldiyini bildirib. Onun sözlərinə görə, son iki ildə ölkədə ifadə və digər azadlıqlara basqılar daha da artıb. Hazırda ciddi iqtisadi tənəzzüllə üzləşən ölkədə siyasi məhbusların sayının Rusiyadakından iki dəfə çox olduğunu bildirən cənab Kramer ABŞ-ın Azərbaycandakı səfirinin ikitərəfli münasibətlərə dair son rəy məqaləsini də tənqid edib.

“İki gün öncə səfir (Robert) Sekutanın dərc etdiyi rəy məqaləsi məni məyus etdi. Bu məqalədə o, demokratiya və insan haqlarını səthi qeyd edərək bu sahədə heç bir narahatlıq dilə gətirmədi. O yazıb: 'Biz demokratik inkişaf sahəsində də fəaliyyətlərimizi davam etdiririk. Birləşmiş Ştatlar da daxil olmaqla bütün demokratik dövlətlər daimi inkişafdadır. Vacib amil ondan ibarətdir ki, biz daimi olaraq qazandığımız uğurları nəzərdən keçirməli, ictimaiyyətlə inkişaf yollarını açıq müzakirə etmək bacarığına malik olmalıyiq.' Mən heç anlamıram ki, bu nə deməkdir. Bu, tamamilə boş bəyanatdır,” deyə Deyvid Kramer bildirib.

Tədbirdə çıxış edən Milli Demokratiya İnstitutunun Avrasiya proqramının direktoru Lora Cyuet demokratiyanın regionda kök sala bilmədiyini deyib. O da bildirib ki, bu ölkələr arasında yeganə Gürcüstanı digərlərindən fərqləndirmək olar. Xanım Cyuet habelə regiona xarici təsirlər arasında Türkiyənin də olduğunu bildirib. O deyib ki, bu ölkələrin böyük əksəriyyətinin iqtisadi və mədəni cəhətdən Türkiyəyə bağlılıqları var: “Bu ölkələrdə xalq nə istəyir? Onlar vicdanlı münasibət, yaxşı idarəçilik və korrupsiyanın ləğv edilməsini istəyir. Bunların hamısına aparan yol isə demokratiyadan keçir”.

“Bu ölkələrdə xalq nə istəyir? Onlar vicdanlı münasibət, yaxşı idarəçilik və korrupsiyanın ləğv edilməsini istəyir. Bunların hamısına aparan yol isə demokratiyadan keçir”.

Beynəlxalq Respublikaçılar İnstitutundan Stefen Niks də səslənən fikirlərlə razılaşaraq Mərkəzi Asiya ölkələri, xüsusilə də Qırğızıstandakı vəziyyətə nəzər saldı.

Tədbirin sual-cavab bölümündə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Fəxrəddin İsmayılov Azərbaycanla bağlı səslənən fikirlərə etirazını bildirdi.

Tədbirdən sonra Amerikanın Səsinə açıqlamasında Deyvid Kramer son 25 ildə Qafqaz ölkələrinin bu sahədə ən böyük uğuru və problemindən danışdı.

“Şübhəsiz bu ölkələrin müstəqil olması və ayaq üstə dura bilməsi özü böyük uğurdur. Onlar böyük çətinliklərlə üzləşib. Gürcüstan Rusiyanın hərbi təcavüzünə məruz qalıb, Azərbaycanın isə Dağlıq Qarabağ kimi problemi var. Ancaq artıq 25 ildir ki, bu ölkələr müstəqildir. Deyərdim ki, bu iki ölkə müxtəlif istiqamətlərdə hərəkət edir. Gürcüstan bir çox çatışmazlıqlarla Avro-Atlantik məkana istiqamət alıb. Qorxuram ki, Azərbaycan yanlış istiqamətdə hərəkət edir. Ölkədə azadlıqlar və insan haqları basqılara məruz qalır. Ümidvaram ki, növbəti 25 ildə hər iki ölkənin Avropa ilə geniş inteqrasiyasından danışacağıq”.

Tənqidlərə baxmayaraq xüsusilə Lora Cyuet region barədə nikbin olduğunu bildirdi. İctimai sorğulara istinad edən Milli Demokratiya İnstitutunun təmsilçisi regiondakı insanları ağıllı olduğunu və strateji düşüncəyə malik olduğunu bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG