Accessibility links

Braziliya Konqresinin komitəsi prezident Dilma Russefin korrupsiya ittihamlarına görə impiçmetlə üzləşməsinə dair təklif irəli sürüb.

“Təqsirkarın cinayət məsuliyyəti daşıdığına dair kifayət qədər işarə var,” deyə parlamentin aşağı palatasının impiçment heyətinin müstəntiqi Hovair Arantes bildirib.

Heyət 38-27 səslə bu təklifin lehinə səs verib və hazırda tövsiyələrini parlamentin aşağı palatasına göndərəcək. Senatda ilkin istintaq prosesinin başlanması üçün parlamentin aşağı palatasında üçdə iki səs çoxluğuna ehtiyac var.

Orada səsvermənin bir həftə ərzində baş tutacağı gözlənilir. Müşahidəçilər isə səsvermə nəticələrinin çox yaxın olacağını ehtimal edir.

Russef 2014-cü ildə yenidən prezident seçilə bilmək üçün Braziliya iqtisadiyyatının bərbad vəziyyətdə olduğuna dair məlumatları gizlətməkdə ittiham olunur.

Onun tərəfdarları isə deyir ki, bu ittihamlar Russefin impiçmentini dəstəkləyən vitse-prezident Mişel Temerin çevriliş planının bir hissəsidir. Lakin Temer elə özü də Russef kimi korrupsiya ittihamları ilə qarşılaşır.

Temer prezident impiçment edildiyi halda onun prezident qismində planlaşdırdığı cıxışının səs yazısının səhvən ictimaiyyətə sızdığını deyib. Səs yazısında Temper artıq prezident kimi nitq söyləyir.

Buna baxmayraq Temer iddia edir ki, bu çıxışda onun daha öncə dilə gətirmədiyi yeni heç bir şey yoxdur.

XS
SM
MD
LG