Accessibility links

Mübariz Qurbanlı: Qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar müşahidə edilmir [Video-müsahibə]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində dini radikalizmə qarşı mübarizə və islam hərəyliyi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

Amerikanın Səsi: Son zamanlar məlumatların intensivliyi Azərbaycanda terrora cəhd və bu istiqamətdə silahlanma meyllərinin artmasından xəbər verir. Sizcə bunun səbəbi nədir və qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Son vaxtlarda Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə ardıcıl işlər görməklə həmin qrupları tam şəkildə zərəsizləşdirib və bunların genişlənməsi imkanı çox məhduddur.

Mübariz Qurbanlı: Mən hesab edirəm ki, Azərbaycan ictimai-siyasi sabitlik baxımından dünyada öndə gedən ölkələrdən biridir. Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan sabitlik adasıdır. Amma, təbii ki, Azərbaycanda da bəzi cinayət hadisələri baş verir. Bu və ya digər formada terrorla bağlı qruplar aşkara çıxarılır. Həmin qrupların aşkara çıxarılmasında hüquq-mühafizə orqanları fəal rol oynayır. Bu cür qrupların yaranması da təsadüfi deyil. Çünki, Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, müxtəlif ekstremist və radikal qrupların bir növ bu ərazidə hansısa bir formada məskunlaşmaq, burada kök atmaq cəhdlərini biz həmişə müşahidə etmişik. Biz bilirik ki, ətrafımızda ekstremist, radikal qruplar mövcuddur. Həmin qrupların uzantıları buraya da gəlib çıxa bilir. Bu cür uzantıların fəsadları ortada olduqda onları aradan qaldırmaq üçün lazımi tədbirlər görülür. Mən hesab edirəm ki, son vaxtlarda Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə ardıcıl işlər görməklə həmin qrupları tam şəkildə zərəsizləşdirib və bunların genişlənməsi imkanı çox məhduddur.

Amerikanın Səsi: Rəsmi şəxslərin dediyinə görə, bir neçə yüz Azərbaycan vətəndaşı terror və radikal dini təşkilatların tərkibində döyüşüb və ya döyüşür. Azərbaycan vətəndaşlarının bu təşkilatlara qoşulmaması üçün hansı qabaqlayıcı tədbirlər görülür? Hazırda tendensiya necədir?

Rəsmi məlumatlara görə, doqquz yüzə qədər azərbaycanlı qeyri-qanuni silahlı birləşmələrdə iştirak etmək üçün ölkədən gedib.

Mübariz Qurbanlı: Rəsmi məlumatlara görə, doqquz yüzə qədər azərbaycanlı qeyri-qanuni silahlı birləşmələrdə iştirak etmək üçün ölkədən gedib. Bunlar həm Suriya ərazisində, həm İraq ərazisində olan qruplaşmaların tərkibində olublar. Həmin rəsmi statistikaya görə, bunların bir qismi orada həlak olub, bəziləri peşmançılıq çəkərək geriyə dönüb və həmin gələnlər içərisində həbs olunanlar da var, məhkəmənin hökmü ilə cəzaya məruz qalanlar da var. Amma, bu 900 nəfərin içərisində, - yaddan çıxarmayaq ki, bəziləri öz ailələrini də aparıb. Bu rəqəmlə 900 alınır. Son dövrlərdə qeyri-qanuni silahlı birləşmələrə gedənlər müşahidə edilməyib. Son il yarımda bizdə bir dənə də belə fakt aşkar edilməyib. Həm hüquq mühafizə orqanlarının, həm də dini komitənin digər qurumlarla birgə apardığı proflaktik tədbirlər, eyni zamanda Suriya və İraqda hərbi əməliyyatların kəskinləşməsi, orada İŞİD əleyhinə aparılan əməliyyatlarda əldə edilmiş uğurlar buradan gedənləri çəkindirib. Çəkindirici amillərin, ideoloji, siyasi, iqtisadi, hərbi, psixoloji tərəfləri var. Azərbaycanda demək olar ki, son dövrlərdə həmin ərazilərə gedənlər olmayıb. Profilaktik tədbirlər davam etdirilir.

Amerikanın Səsi: Azərbaycanda bu il İslam Oyunları keçiriləcək və ölkədə “İslam Həmrəyliyi İli” elan edilib. Bu oyunlar və “İslam Həmrəyliyi İli” çərçivəsində keçiriləcək tədbirlər dünyada islam həmrəyliyinə hansı töhfələr verə bilər?

Dördüncü İslam Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən bir hadisədir.

Mübariz Qurbanlı: Prezidentimiz, cənab İlham Əliyevin “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var. “İslam Həmrəyliyi İli”nin elan edilməsi, eyni zamanda İslam Oyunlarının Azərbaycanda keçirilməsi ilə uzlaşan bir hərəkətdir, bir hadisədir. İslam Oyunları da yalnız oyunlar kimi başa düşülməli deyil. İslam Oyunları eyni zamanda islam dünyasını bir araya gətirən, birləşdirən humanitar, siyasi, iqtisadi əlaqələrə təkan verən bir hadisədir. Dördüncü İslam Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən bir hadisədir. İslam həmrəyliyinə gəldikdə isə, islamda həmrəyliyə böyük ehtiyac var. İslamda həmrəylik həm iqtisadi, beynəlxalq təşkilatlarda, siyasi sahədə, islamofobiyaya qarşı mübarizədə, radikal qruplara qarşı mübarizədə həmrəyliyi zəruri edib. Həmin zərurəti nəzərə alaraq prezidentimiz bu ili “İslam Həmrəyliyi İli” elan edib. İlsam həmrəylıiyinə uyğun olaraq Azərbaycanın nümunələri var. İslam həmrəyliyi ölkədə müxtəlif məzhəblərin həmrəyliyində, eyni zamanda ölkədə islamla digər konfesiyaların birgə yaşayışının nümunələrində özünü göstərməlidir. Bununla bağlı tədbirlər planı qəbul edilib. Həmin tədbirlər planı həm ölkə daxilində, həm ölkənin xaricində tədbirləri əhatə edir. Azərbaycanın islam həmrəyliyinə töhfəsi baxımından Azərbaycanda konfesiyalararası dözümlülük, tolerantlıq, multikultural dəyərlərin təşviqi, eyni zamanda Azərbaycanda müxtəlif məzhəblərin bir araya gələrək vəhdət namazı formasında məscidlərdə keçirdiyi tədbirlər bir nümunədir, örnək kimi ğöstəriləcəkdir. Bu özü bir töhfədir. Azərbaycan prezidentinin bu qərarı islam dünyasında böyük əks səda doğurmaqla ciddi şəkildə müdafiə olunur.

Amerikanın Səsi: Prezident Həsən Ruhani bildirib ki, Azərbaycan və İran vəhabi-sələfi ideologiyasından qaynaqlanan terror çağırışlarının kökünün kəsilməsi üçün birgə səylər göstərəcək. Bu istiqamətdə hansı birgə fəaliyyətlər mövcuddur?

Dini radikal qruplara qarşı, ekstremist qruplara qarşı Azərbaycan dünyanın bütün ölkələri, xüsusilə islam dünyası ilə çox ciddi əməkdaşlıq edir.

Mübariz Qurbanlı: Dini radikal qruplara qarşı, ekstremist qruplara qarşı Azərbaycan dünyanın bütün ölkələri, xüsusilə islam dünyası ilə çox ciddi əməkdaşlıq edir. Bizim həm xüsusi xudmət orqanları, hüquq-mühafizə orqanları, həm dövlət qurumları, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə ikitərəfli və çoxtərəfli əlaqələrdə iştirak edir. Burada Qafqaz Müsəlmanları İdarəsi də öz töhfəsini verir. Bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edir. İran İslam Respublikası ilə də bizim bu sahədə ikitərəfli əlaqələrimiz mövcuddur. Mən iki dəfə İranda səfərdə olmuşam. Bu yaxınlarda Məşhəddə İranın Məşhəd şəhərinin İslam Mədəniyyət Mərkəzinin açılışında iştirak etdim. Orada apardığımız danışıqlarda biz bütövlükdə dini radikal qruplara qarşı birgə mübarizədə bir-birinə dəstək vermək, birgə tədbirlər keçirmək barədə razılaşma əldə etdik. Dini radikal qruplar, onların yaranma səbəbləri ciddi şəkildə araşdırılır, bununla bağlı çoxsaylı kitablar nəşr olunur, filmlər çəkilir. Dini Komitə “Fitnə” adlı sənədli film çəkib nümayiş etdirib. “Şəhadət” adlı film üzərində iş gedir, “Vəhdət” adlı sənədli film üzərində də iş aparılmaqdadır. Bütün bunlar eyni zamanda, Azərbaycanda və Azərbaycandan kənarda təbliğ ediləcək. İranla Azərbaycan, eyni zamanda Türkiyə ilə Azərbaycan, ərəb ölkələri ilə Azərbaycan arasında dini radikal qruplara qarşı birgə mübarizə ilə bağlı tədbirlər planı var.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG