Accessibility links

ABŞ və Azərbaycan dini tolerantlıq məsələlərini müzakirə edib


ABŞ Dövlət Departamentinin nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb

ABŞ Dövlət Departamentinin nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq Dini Etiqad Azadlığı ofisinin nümayəndələri Daniel Nadel və Steysi Bernard Deyvisi qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr, dini tolerantlıq məsələləri, Yaxın Şərqdə baş verən hadisələr, təhlükəli meyllər və onların qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

A.Paşazadə bu yaxınlarda Nyu-Yorkda “Vicdana Çağırış” Fondunun tədbirində iştirakı, keçirdiyi görüşlər barədə məlumat verib. QMİ sədri Azərbaycanda dini sahədə sabitliyin olduğunu, dinlərarası və dinlərdaxili müstəvidə ehtiramlı münasibətin yaşandığını söyləyib.

A.Paşazadə Qarabağ münaqişəsinə də toxunub, Azərbaycanın bu problemi sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb. QMİ sədri Azərbaycanın ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrinin məhv edildiyini deyib.

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkədə dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyib. Səfir Azərbaycanda tolerantlıq ənənələrinin tarixi köklərinin olduğunu nəzərə çatdırıb.

Daniel Nadel, Steysi Bernard Deyvis təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat verib,səfərlərinin əhəmiyyətli olacağını söyləyib.

Onlar səfər zamanı Azərbaycandakı tolerantlıq təcrübəsini öyrənmək niyyətində olduqlarını deyiblər. ABŞ-ın hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış etdiyini deyən qonaqlar bu səfərin də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bəyan edib.

XS
SM
MD
LG