Accessibility links

Dindarlara qarşı cinayət işi başlanıb


Dindarların Təhsil Nazirliyinin qarşısında aksiyası

Dindarların Təhsil Nazirliyinin qarşısında aksiyası

Daxili İşlər Nazirliyinin məlumatına görə, Təhsil Nazirliyinin qarşısında dindarların aksiyası zamanı 20 polis xəsarət alıb. 65 dindar saxlanıb.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiya ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA agentliyinə bildiriblər ki, sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib. Onların cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub.

Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu mismarlı taxta parçaları və dəyənəklər ilə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq 65 nəfər saxlanılıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG