Accessibility links

Dindarlar saxlanıb


Həbs
Həbs

Martın 17-də səhər bir neçə sələfi (vəhabi) saxlanılıb. Bu barədə Turan-a dindarların arasındakı mənbələr bildiriblər. Təsdiqlənməmiş məlumatlara görə, saxlanılanlar “Ləzgi”, “Qaraçuxur” və “Mehdiabad” məscidləri icmalarının üzvləridir.

Öz növbəsində dindarların müdafiəsi üzrə beynəlxalq “Forum 18” təşkilatı bəyanatla çıxış edərək bildirib ki, martın 10-da ilahiyyatçı və tərçüməçi Ceyhun Cəfərov casusluqda ittiham olunaraq 4 ay müddətinə həbs edilib. Bu barədə onun yaxınları “Forum 18” təşkilatına bildiriblər.

Təşkilatın məlumatında deyilir ki, 42 yaşlı C.Cəfərov “Space” telekanalında “Gecə söhbətləri” proqramının aparıcısı olub. O həmçinin “Təkəmmül” Tərcümə Mərkəzinin rəhbəri olub. Martın 4-də öz qardaşı ilə İrandan qayıdıb. Belə ki, qardaşının böyrəyində əməliyyat aparılıb.

“Forum 18” təşkilatının məlumatına görə, C.Cəfərovun həbsindən 2 həftə öncə Azərbaycanda beş sünnü həbs olunub. Onların arasında İçərişəhərdəki “Aşurbəy” (Ləzgi məscidi) məscidinin imamı Mübariz Qarayev də var.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) beş nəfəri saxlayıb və qanunsuz dini ədəbiyyatın yayılması ittihamı ilə 3 ay müddətinə həbs edib.

Onlardan əlavə, “Yeqovo şahidləri”nin iki üzvü İrina Zaxarçenko və Validə Cəbrayılova da MTN-in təcridxanasında saxlanılır. Onlar da üç ay müddətinə həbs olunublar.

“Bu həbslər hakimiyyətin dini etiqad azadlığı hüququnu gerçəkləçdirən adamlara təzyiq kampaniyasından xəbər verir”, - “Forum 18” qeyd edib. Təşkilat bildirib ki, həbs olunanların ailə üvzləri fikir bildirməyə qorxurlar.

Lakin MTN İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Arif Babayev M.Qarayevin və digərlərinin həbsi barədə məlumatı Turan-a təsdiqləməyib. O, Daxili İşlər Nazirliyinə (DİN) müraciət etməyi tövsiyə edib.

Öz növbəsində DİN mətbuat xidmətində saxlanılan dindarların barəsində sorğunu şərh etməyərək bir qədər sonra cavab veriləcəyini vəd ediblər.

XS
SM
MD
LG