Accessibility links

Azərbaycanda dini ekstremizmə qarşı mübarizəni nəzərdə tutan qanunlar sərtləşdirilib


Milli Məclisin binası

Milli Məclisin binası

Azərbaycan Milli Məclisində "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub. Parlament eyni zamanda “Vətəndaşlıq haqqında” və “Dini etiqad azadlığı haqqında" qanunlara əlavələr edib.

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinə görə, Azərbaycanda dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlar zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına icazə veriləcək.

Sənədə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Layihəyə görə, dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Sənədə əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

“Vətəndaşlıq haqqında” qanuna edilmiş əlavəyə görə isə Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.

Sənəddə deyilir ki, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəblərini yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa vətəndaşlıqdan məhrum ediləcək.

"Dini etiqad azadlığı haqqında" qanuna da yeni maddə əlavə edilib. Əlavəyə görə, Azərbaycanda bundan sonra ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan olunur.

Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.

Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Cinayət Məcəlləsinə də müvafiq əlavə edilib. Əlavəyə görə, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

XS
SM
MD
LG