Accessibility links

"Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi başlayıb


Bakıda Aşura mərasimi

Bakıda Aşura mərasimi

“Dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Çünki ölkədə müxtəlif adlar altında yaradılan hərəkatların qarşısı vaxtında alınmalıdır”.

Report agentliyinin məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qanun layihəsiı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirə olunub.

S.Novruzovun sözlərinə görə, hazırda dünyada müxtəlif adlar altında ölkələrə müxtəlif ideyalar ixrac olunur: “Bu gün din adı altında öz ideyalarına başqa-başqa don geyindirən hərəkatlar mövcuddur. İndi isə vəziyyət tamamilə fərqlidir. Çünki onlar sırf mənəviyyat məsələlərini əsas götürürlər. Ona görə də həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”.

"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələri birgə hazırlayıb. Yeni qanun layihəsinə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Qanun layihəsində qeyd olunub ki, dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan edilir.

Layihəyə əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.

Sənədə əlavə ediləcək yeni maddəyə görə isə Azərbaycanda bundan sonra ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan olunur.

Yeni əlavəyə görə, dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.

Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Həmçinin Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. Əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Qanun layihəsi Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasının müzakirəsinə çıxarılacaq.

XS
SM
MD
LG