Accessibility links

Riçard Morninqstar: Amerikanın çox zəngin dini tolerantlıq ənənəsi var


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Səfir “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq ABŞ səfirlikləri qarşısında keçirilən aksiyalara münasibət bildirib

Amerikanın çox zəngin dini tolerantlıq tarixi və ənənəsi var. Hər bir şəxsin öz dini ibadəti ilə məşğul olması Amerika Konstitusiyasında əksini tapıb. Bu fakt ABŞ Konstitusiyasında ən vacib elementlərdən biridir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq ABŞ səfirlikləri qarşısında keçirilən aksiyalarla bağlı Amerikanın Səsi radiosunun sualının cavabında bildirib.

Səfir Amerika prezidenti və dövlət katibinin fikirlərini təkrar edərək deyib ki, film çox iyrənc və mənfurdur.

“Aydın şəkildə bilinməlidir ki, ABŞ hökumətinin bu filmlə hər hansı bağlılığı yoxdur. Lakin, bu film nə qədər iyrənc və mənfur olsa da, fikrimcə, burada heç bir məqam zorakılığa haqq qazandıra bilməz. Liviyada insanlar filmə görə həyatlarını itiriblər. Bu da, nümayişlərdə iştirak edənlərin həyatlarını itirməsi də faciəvi haldır. Bir daha qeyd edirəm ki, film çox pis, iyrənc, nifrətəlayiqdir. Hətta hisslərimi ifadə etmək üçün bundan daha pis sözlər tapa bilmirəm deyim. Amma, bir daha bəyan edirəm ki, zorakılığa heç kəs bəraət qazandıra bilməz”, - R.Morninqstar bildirib.

Səfir Amerikanın təhsil proqramlarından danışarkən deyib ki, ABŞ mübadilə proqramları üzrə maliyyə yardımları ayırmaqda davam edəcək.

R. Morninqstar “Muskie” mübadilə proqramının dayandırılması haqqında informasiyanı şərh edərkən deyib ki, proqramın dayandırılması səhv addımdır: “Mən bundan çox təəccüblənmişəm. Bununla belə, ABŞ digər proqramlara vəsait ayırmaqda davam edir”.

O deyib ki, bu il “Junior Faculty Achievment” adlı yeniyetmələrin mübadiləsi proqramı da dayandırılıb, əvəzində isə “Fulbright” proqramı üzrə əlavə vəsait ayrılıb.
XS
SM
MD
LG