Accessibility links

Azərbaycanda dinləmə - “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları”


“ABŞ-da insan hüquqlarının vəziyyəti” mövzusunda dinləmələr keçirilib

“ABŞ-da insan hüquqlarının vəziyyəti” mövzusunda dinləmələr keçirilib

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib.

APA agentliyinin məlumatına görə, tədbirdə millət vəkilləri, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə şura sədri Azay Quliyev açılış nitqi ilə çıxış edərək deyib ki, son aylar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar: “Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı şuraya müraciətlər daxil olub. Biz də qərara gəldik ki, şura belə dinləmə keçirsin, ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərləri dəvət olunub. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqüssonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?”

A. Quliyev qeyd edib ki, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəliklərini yerinə yetirib: “Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? Niyə ABŞ-ın keçmiş diplomatlarının dili ilə Azərbaycana mesajlar verməyə çalışırlar? Kozlariç, Kramer kimi keçmiş diplomatlar Azərbaycana qarşı açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər”.

A. Quliyev xatırladıb ki, Azərbaycan heç bir bloka qoşulmayıb və dövlətin siyasəti müstəqilliyin qorunmasına, milli maraqların təmin olunmasına yönəlib.

“ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, ABŞ-da milli, dini, etnik zəmində problemlər qalmaqdadır, qara dərililər 1968-ci ildə səsvermə hüququ əldə ediblər.

Onun sözlərinə görə, ABŞ-da əhalinin 13 faizini qaradərililər təşkil edir və onların sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağıdır: “Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb. ABŞ daxilində son illər silah satışı artıb, bu, özünüqoruma instinktindən irəli gəlir”.

Z. Oruc qeyd edib ki, ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərilərində yaşamaqdadır: “Müsəlmanları terrorla eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlüklə həll etsin”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu, lakin bu ölkənin bir sıra QHT və insan hüquqları mərkəzinin Azərbaycanı özlərinə əsas hədəf seçdiyini söyləyib.

Politoloq Elman Nәsirov ABŞ prezidentinin özünü tamamilә korrupsiya siyasәtinә uyğun apardığını vurğulayıb: “2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 550-700 min dollar məbləğində maliyyə yardımı göstərmək lazım gəlib. ABŞ siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir”.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında xatırladıb ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada yeganə fövqəlgücə çevrilib: “Bundan sonra ölkədə başgicəllənməsi baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular”.

F.Mәmmәdov ABŞ-ın 45 ölkəyə hərbi müdaxilә etdiyini söyləyib: “BMT-nin Qaçqınlar üzrә Ali Komissarlığının hesabatına әsasәn 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxilәsi nәticəsindә formalaşıb”.

F. Mәmmәdovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişәsinin hәllindә ikili yanaşma sәrgilәyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndәrib, ATӘT-in Minsk Qrupuna tәcrübәsiz diplomatları həmsədr təyin edib, 907-ci Düzәlişi lәğv etmәyib.

Millәt vәkili Musa Qasımlı qeyd edib ki, ikili standart siyasəti ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür. O deyib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman edib: “Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana rəğbətin səbәbi nədir?..”

Millət vəkili Qüdrət Həsənquliyev isə ABŞ-ın Azərbaycana münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb: “Devid Kramer müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosunun əməkdaşlarının dindirilməsi çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, yəni deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. Mirzə Xəzər bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ “Azadlıq” radiosunun Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra “Azadlıq” radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb. Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi İstanbula dəvət etdi, dövlət başçısı İstanbula getməyəndən sonra ABŞ-ın siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikri cümlənin ikinci hissəsində ifadə olunur”.

Q. Həsənquliyev ABŞ-ın iradəsinə uyğun siyasət yürütməyən Suriya, İraq və Liviyanın başına gələnləri də xatırladıb: “Biz çalışmalıyıq ki, Azərbaycanı bu günə salmasınlar. Azərbaycan hökuməti ABŞ-la açıq konfrontasiyaya getməməlidir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Qulyiev isə bəyan edib ki, Azərbaycan ABŞ-la dostluq münasibətlərinin pozulmamasına çalışır, ancaq qarşı tərəfdən də səmimi münasibәt olmalıdır.

Tәdbirdә millәt vәkillәri Fәrәc Quliyev, Mәlahәt Hәsәnova, Xanhüseyn Kazımlı, Rafael Hüseynov vә digәrlәri də çıxış ediblәr.

Amerika tərəfi hələ tədbirdə səslənən fikrilərə şərh verməyib.

XS
SM
MD
LG