Accessibility links

Vaşinqtonda Türkiyə ilə Ermənistan arasında diplomatik anlaşmanın tarixçəsinə dair kitab təqdim olundu

  • Əsgər Möhsümoğlu

Aprelin 17-də Vaşinqtonda qərargahlanan Karnegi Beynəlxalq Sülh Fondunda Deyvid Filipsin “Diplomatik Tarix: Türkiyə-Ermənistan Protokolları” adlı monoqrafiyasının təqdimatı keçirildi. Kolumbiya Universitetinin İnsan Haqları üzrə Araşdırma İnstitutu və Harvard Kennedi Məktəbinin Diplomatiyanın Gələcəyi Layihəsi tərəfindən birgə hazırlanmış sənəddə 2009-cu ildə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin normallaşdırılmasına dair imzalanmış protokolun tarixindən bəhs edilir. Müəllif Filips monoqrafiyanı onun ABŞ, Türkiyə, Ermənistan və İsveçrə rəsmiləri ilə geniş təmasları əsasında yazdığını bildirdi.

2009-cu ilin əvvəllərində İsveçrə rəsmiləri Vaşinqtonla razılaşdırılmış qaydada Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq yönümündə diplomatik səylərə start verdilər. Aprel ayında tərəflər ilkin anlaşmaya gəldikdən sonra intensiv danışıqlar prosesi başlandı. Deyvid Filipsin sözlərinə görə ABŞ rəsmiləri Türkiyə-Ermənistan anlaşmasında Dağlıq Qarabağ münaqişəsinin yer almamasına və erməni soyqırımı müddəası ilə bağlı razılıq əldə edilməsinə həlledici sıçrayış kimi baxırdılar. 22 apreldə protokolların ümumi cəhətləri ictiamiyyətə açıqlandıqdan sonra isə prosesdə ciddi maneələr meydana çıxmağa başladı. Erməni ictimaiyyəti hökuməti milli maraqları satmaqda və soyqırımı pərdələməkdə günahlandırdı. Türklər isə oxşar qaydada AKP hökumətini müttəfiq Azərbaycana xəyanətdə ittiham etdilər.

Filipsin sözlərinə görə ictimai təzyiqlər fonunda protokolların kiçik detalları üzərində belə uzun çəkişmələr gedirdi. ABŞ və İsveçrə diplomatları ən yüksək səviyyədə tərəfləri razı salmağa və yekun imzalanmanın həyata keçməsinə çalışırdılar. O biri tərəfdən Azərbaycan Türkiyə ilə münasibətləri gərginləşdirməklə bu səylərə ciddi əngəl törədirdi. İş o yerə çatmışdı ki, oktyabrın 10-da protokolların imzalanacağı gündə artıq tərəflər arasında qarşılıqlı xoş məram demək olar ki, buxarlanmışdı.

Zürix Universitetində bir araya gələn Fransa, ABŞ və Rusiya xarici işlər nazirləri imzalama mərasimini müşahidə etməyə hazırlaşırkən Türkiyə tərəfi protokolun yekun mətnini iştirakçılar arasında yaydı. Bu sənəd Ermənistan tərəfdə böyük hiddət doğurdu. Nazir Eduard Nalbandyan sənədə qol çəkməyəcəyini bəyan etdi. Nəhayət Hillari Klintonun intensiv vasitəçilik səylərindən sonra, təyin olunmuş vaxtdan 3 saat ötmüş, axşam saat 8:15-də protokol imzalandı.

Sonrakı aylarda baş verən proseslər imzalanmış sənədin ratifikasiyasını qeyri-mümkün etdi. Bu hala rəvac verən başlıca faktor kimi Deyvid Filips baş nazir Rəcəb Təyyib Ərdoğanın davranışını önə çəkdi. Filipsin sözlərinə görə Ərdoğanın Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ məsələsini diplomatik protokollarla əlaqələndirməsi, erməni mühacirləri ölkədən deportasiya etmək barədə hədəsi, Türkiyə-Ermənistan sərhədində yerləşən dostluq abidəsini sökdürməsi Ankara ilə Yerevan arasında uçurumu bir qədər də dərinləşdirdi. Bundan əlavə, Filips Ermənistan rəsmilərinin prosesdə şəffaflığı təmin etməməsini və ictimaiyyəti danışıqlar prosesindən təcrid etməsini tənqid etdi. Onun sözlərinə görə dövlət rəsmilərinin öz aralarında məsələ harqda qərar verməsi cəmiyyətədə böyük şübhələr doğurdu və onun müvəffəq olmamasına şərait yaratdı.

Deyvid Filips ABŞ-ın protokollar imzalandıqdan sonra onların taleyinə tələb olunan diqqəti ayırmamasından gileyləndi. Onun fikrincə, Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün ABŞ xeyli kapital sərf etmişdi. Amma məsələ ilə balı xüsusi elçi təyin etməməklə və bu mühüm məsələni dövlət katibi yardımçısının öhdəsinə buraxmaqla ABŞ şansı qaçırdı.

Bir zamanlar diplomatik protokollar barədə bədbin olduğunu deyən Deyvid Filips o vaxtdan bəri fikrini dəyişdirdiyini bildirdi. O, qeyd etdi ki, protokolların imzalanması Türkiyə və Ermənsitan diplomatları arasında sərf edilən itensiv əməyin məhsulu idi, və bu nailiyyətlər indi də olmasa gələcəkdə dayanıqlı sülhün bərqərar olmasına stimul verir. Onun sözlərinə görə nə vaxtsa Ermənistan və Türkiyə öz aralarında razılığa gəlsələr, həmin razılıq diplomatik protokollarda əksini tapmış müddəalar üzərində təşəkkül tapacaq. Filips əmin olduğunu bildirdi ki, Ermənistanın Qərbə inteqrasiyası və Türkiyə ilə münasibətləri yaxşılaşdırması həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərəcək.

XS
SM
MD
LG