Accessibility links

Dmitri Medvedev: 2008-ci ilin avqustu Azərbaycan və Ermənistan üçün çox ciddi dərs oldu


Dmitri Medvedev: 2008-ci ilin avqustu Azərbaycan və Ermənistan üçün çox ciddi dərs oldu

Dmitri Medvedev: 2008-ci ilin avqustu Azərbaycan və Ermənistan üçün çox ciddi dərs oldu

Prezident Medvedev hesab edir ki, Dağlıq Qarabağın taleyinin necə olacağı, orada referendumun olub-olmayacağı, sülh müqaviləsinin necə hazırlanacağı barədə sonsuz danışıqlar aparmaq daha yaxşıdır, nəinki Gürcüstandakı beş gün ərzindəki döyüşlər.

Rusiya prezidenti Dmitri Medvedevin “Exo Moskvı” radiostansiyasına müsahibəsində 2008-ci ilin avqustunda Cənubi Osetiyada və Abxaziyada hərbi əməliyyatlara Azərbaycan və Ermənistan rəhbərliklərinin reaksiyası ilə bağlı suala cavab verib.

Onun sözlərinə görə, avqust hadisəsi baş verəndə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti ilə görüşdə bunun Qafqaz üçün çox pis olduğunu bildiriblər. “Mən deyirəm, çox pis. Bu, bizim üçün müəyyən dərsdir. Dağlıq Qarabağın taleyinin necə olacağı, orada referendumun olub-olmayacağı, sülh müqaviləsinin necə hazırlanacağı barədə sonsuz danışıqlar aparmaq daha yaxşıdır, nəinki həmin beş gün ərzindəki döyüşlər. Bu, onlar üçün çox ciddi dərs oldu. Mənə belə gəlir ki, bu, ibrət dərsidir. Niyə? Çünki o zaman baş verənlərə qayıtsaq, əgər gürcü həmkarımın bir qədər ağlı olsaydı, biz də Soçidə və ya Kazanda, yaxud başqa haradasa görüşərək hansı yollarla qarşılıqlı münasibətlərdə kompromis axtarmaq barədə düşünərdik. Lakin, bu, siyasi proses idi və bilmirəm hansı perspektivləri var idi. Bəlkə də, biz heç zaman razılığa gələ bilməzdik, bəlkə də nəsə olardı, hansısa konfederasiya yaranardı. Lakin o, öz ölkəsini dağıtdı. Hesab edirəm ki, adamların yaddaşında bu qalacaq”, - deyə prezident Medvedev qeyd edib.

Xatırladaq ki, 2008-ci il avqustun 8-də Cənubi Osetiyada yerləşən silahlı dəstələrin gürcü kəndlərini atəşə tutmasından sonra Gürcüstan Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatın nəticəsində Cənubi Osetiyanın mərkəzi Tsxinvali şəhəri Gürcüstan hərbiçiləri tərəfindən ağır top atəşinə məruz qalıb. Həmin gün Rusiyanın 58-ci ordusunun hissələri Roki tunelini keçərək Gürcüstanın ərazisinə daxil olub və Tsxivnali şəhərini tutub. Rus hərbi aviasiyası Gürcüstanın müxtəlif şəhərlərində yerləşən hərbi bazalarını, limanlarını və aerodromlarını, o cümlədən Poti limanını, Tbilisi, Marneuli və Senakidəki hərbi bazalarını, radar sistemlərini, hərbi zavodlarını bombalayıb. Beləliklə, rus ordusu Gürcüstanın şərqi ilə qərbini birləşdirən magistral yolu tutub.

Rusiyanın hücumları avqustun 12-də Fransa prezidenti Nikolya Sarkozinin

Rusiya prezidenti və baş naziri ilə məsləhətləşmələrindən sonra dayandırılıb. Bir neçə dövlət başçısı Tbilisiyə 6 maddədən ibarət sülhməramlı planla gəlib. Bu günlərdə Azərbaycan ərazisi vasitəsi ilə Tbilisiyə prezident Sarkozi ilə yanaşı Litva prezidenti Valdas Adamkus, Polşa prezidenti Lex Kaçinski və Ukrayna prezidenti Viktor Yuşenko səfər edib. Avqustun 15-də ABŞ-ın dövlət katibi Kondaliza Rays Tbilisiyə gəlib.

Əldə olunan razılaşmaya baxmayaraq Rusiya öz hərbi qüvvələrini Abxaziya və Cənubi Osetiyada saxlayıb. Avqustun 26-da isə Abxaziyanın və Cənibi Osetiyanın müstəqilliyini tanıyıb.

Müharibə 850 adamın ölümünə, 35 000 insanın evindən didərgin düşməsinə səbəb olub.

XS
SM
MD
LG