Accessibility links

Banklarda dollar qıtlığı yaranıb - İnsanlar saatlarla növbə gözləyir [Araşdırma]


İDollar

İDollar

Ötən cümə günündən başlayan dollar qıtlığı davam edir. Halbuki, Azərbaycan Mərkəzi Bankı bildirib ki, kifayət qədər xarici valyuta ehtiyatı var və banklara verilən ciddi göstərişə əsasən dolların məzənnəsi süni olaraq qaldırılmamalıdır.

Bankların bir çoxunda və valyutadəyişmə məntəqələrində dollar satışı aparılmır, yalnız manatla mübadilə üçün qəbul edilir. Bakının bir çox valyutadəyişmə məntəqələri bağlıdır.

Ölkədə manatın yeni devalvasiyasının qaçılmaz olduğu, dolların manata nisbətinin 1 dollar - 1 manat 30-50 qəpik olacağı barədə şayiələr dolaşmaqdadır. Bir çox ekspertlər hökuməti yumşaq devalvasiyaya getməyə çağırıb.

Hazırda dolların rəsmi məzənnəsi - 1 dollar - 1,047 manata alınır, 1,055 manata satılır.

Bu gün Amerikanın Səsinin müxbiri ölkənin müxtəlif banklarında olub. Banklarda adam başına 5 min dollaradək manat dəyişmək mümkündür. Manatı dollara dəyişən hər bir şəxsdən şəxsiyyət vəsiqəsi tələb olunur. Şəxsiyyət vəsiqələrinin surəti çıxarılaraq qəbzə əlavə olunur. Bu eyni şəxsin iki dəfə dollar dəyişdirə bilməməsi üçündür.

“Biz artıq 5 saata yaxındır ki, növbə gözləyirik. Min dollar pul dəyişə bilmirik. Artıq 3 dəfə deyiblər ki, bankda dollar qurtarıb. İnkassator dollar gətirir, bir neçə adam yola salırlar, deyirlər dollar qurtarıb, insanlar yenə növbədə gözləyir”, ölkənin tanınmış banklarının birinin Bakının Azadlıq prospektində yerləşən filialında növbə gözləyənlərdən biri Amerikanın Səsinə deyib.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının (AMB) “Qaynar Xətti”nə zəng etmək, demək olar ki, mümkün deyil.

Bu ilin iyulun ortalarında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə bildirib ki, əgər neft 50 dollardan aşağı olmasa və tərəfdaş ölkələrdə iqtisadi sabitlik olarsa, manatı yeni devalvasiya təhlükəsi gözləmir.

Sonra o, tamaşaçıları sakitləşdirməyə çalışıb: “Əgər neft 50 dollardan da aşağı olmasa və ticarət tərəfdaşlarımızın iqtisadiyyatında ciddi hadisələr baş verməsə ilin sonunadək manatın məzənnəsi ilə bağlı problem görmürəm”.

Avqustun 24-də Brent neftin qiyməti bir barelə görə 45 dollardan aşağı enib. Son aylarda Rusiya rublu, Türkiyə lirəsi, Çin yuanı dollara nisbətdə xeyli geriləyib.

Xatırladaq ki, 2014-cü il iyulun 31-i üçün AMB-nin valyuta ehtiyatları 15 mlrd. 193.4 mln. dollar ekvivalentində olub. İllik zaman kəsiyində AMB-nin valyuta ehtiyatları 6 mlrd. 691,9 mln. dollar tükənib. 2015-ci il avqustun 1-nə olan vəziyyətə görə, AMB-nin valyuta ehtiyatları 8,5 mlrd. dollar təşkil edib.

Standard & Poor’s reytinq agentliyi Azərbaycanın ödəniş balansının cari hesabından profisit keçidini ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırır ki, bu da 2014-cü illə müqayisədə beş dəfə azdır, lakin hədsiz dərəcədə deyil. Xarici ticarətdə profisit müsbət olaraq qalır - iyulda 633,988 mln. dollar təşkil edib.

2015-ci ilin fevralında neftin qiymətinin ikiqat enməsi səbəbindən Azərbaycan manatın devalvasiyası ilə üzləşib ki, nəticədə manat dollara nisbətən 34% ucuzlaşıb.

XS
SM
MD
LG