Accessibility links

Bakının mərkəzi küçələrində dolları manata dəyişmək faktiki mümkünsüz olub. Belə ki, bəzi valyutadəyişmə məntəqləri reklam lövhələrində 1 dolların alışını 1,03 manat, satışını 1,05 manat yazsalar da müxtəlif bəhanələrlə dəyişməkdən imtina edirlər. Bəhanələr belədir: manatımız yoxdur, Mərkəzi Bank məzənnəni hələ müəyyən etməyib, gözləyirik görək nə olur?, belə qalmaz, manatın məzənnəsini qaldıracaqlar və s.

Amerikanın Səsinin müxbiri bu gün səhər saatlarında paytaxtın Azadlıq prospekti və Xaqani küçəsi boyunca yerləşən bank və valyutadəyişmə məntəqlərində müşahidə aparıb. Kapital Bank və Beynəlxalq Bankın şöbələrində dollar satışı yoxdur, Xaqani küçəsindəki AFB Bankda 1 dollar 1,0291 manata, Xalq Bankda satış yoxdur, Texnika Bankda 1 dollar 1 manata, Respublika Bankında 1 dollar 1,0290 manata dəyişdirilir.

Kapital Bankın Füzuli küçəsində yerləşən mərkəzi ofisində isə çoxsaylı insanlar dollar dəyişmək üçün növbə gözləyir.

Valyutadəyişmə məntəqələrinin demək olar ki, heç birində satış yoxdur. Yalnız bir məntəqədə 1 dolları 1 manata dəyişdirdiklərini deyiblər.

Mərkəzi Bank fevralın 24-də doların məzənnəsində cüzi artım edib. Belə ki, bu gün 1 dollar 1,0501 manat (fevralın 23-də 1 dollar 1,05 manat olub) məzənnəsindədir.

Azadlıq prospekti boyunca yerləşən mobil telefon mağazalarında qiymətlər 30 faizədək qaldırılıb. Ancaq mağazalarda alıcı gözə dəymir.

“Son dörd gündə bir dənə belə mobil telefon sata bilməmişik”, deyə mağazalardan birinin sahibi narazılığını bildirib.

O, Amerikanın Səsinin müxbirinin “tələb yoxdursa qiymətləri niyə artırırsınız?”, - sualına, “allah monopolistlərin evini yıxsın”, deyə qarğış edib.

XS
SM
MD
LG